| ← Exodus (2/40) → |
| 1. | O zaman Levi qəbiləsindən bir kişi öz nəslindən bir arvad aldı. |
| 2. | O hamilə olub oğul doğdu və uşağın gözəl olduğunu görüb üç ay gizlətdi. |
| 3. | Bundan artıq onu gizlədə bilməyərək qamışdan bir səbət götürüb ona qır və qatran sürtdü, körpəni səbətin içinə salıb Nil çayının kənarındakı qamışlığın arasına qoydu. |
| 4. | Körpənin bacısı isə onun başına nə gələcəyini bilmək üçün uzaqda durub baxırdı. |
| 5. | Fironun qızı çimmək üçün çaya girdi. Onun qarabaşları isə çayın kənarında gəzişirdilər. Fironun qızı qarğıların arasında səbəti görüb onu gətirmək üçün kənizini göndərdi. |
| 6. | Sonra səbəti açıb bir oğlan gördü. Körpə ağlayırdı. Fironun qızı ona rəhmi gəldiyindən dedi: «Bu, İbrani oğlanlarındandır». |
| 7. | Körpənin bacısı fironun qızına dedi: «Bəlkə gedib sənin üçün İbrani qadınlarından bir dayə çağırım ki, körpəni əmizdirsin?» |
| 8. | Fironun qızı ona «get» dedi. Qız gedib körpənin anasını çağırdı. |
| 9. | Fironun qızı ona dedi: «Bu körpəni götürüb mənim üçün əmizdir, sənə bunun haqqını verərəm». Qadın körpəni götürüb əmizdirdi. |
| 10. | Uşaq böyüdü və qadın onu firon qızının yanına apardı. Fironun qızı uşağı oğulluğa götürdü. O, uşağın adını Musa qoyub dedi: «Oğlanı sudan çıxartdığım üçün ona bu adı qoydum». |
| 11. | Çox illər keçdi, Musa böyüdü. Bir dəfə o öz xalqının yanına getdi və onların ağır zəhmətini gördü. Bir Misirlinin onun xalqından olan İbranini döydüyünü gördü. |
| 12. | Musa ətrafına baxıb heç kəsin olmadığını görəndə Misirlini öldürüb qumda gizlətdi. |
| 13. | Ertəsi gün o yenə gedəndə gördü ki, iki İbrani bir-biri ilə dalaşır. Musa haqsız olana dedi: «Yoldaşını niyə vurursan?» |
| 14. | O adam dedi: «Səni bizim üstümüzə kim başçı və hakim qoyub? Yoxsa Misirlini öldürdüyün kimi məni də öldürmək fikrindəsən?» Musa qorxaraq ürəyində dedi: «Deyəsən, bu iş barədə bilirlər». |
| 15. | Firon bu işdən xəbərdar olanda Musanı öldürtdürmək istədi. Ancaq Musa fironun əlindən qaçıb Midyan torpağına çataraq bir quyunun yanında oturdu. |
| 16. | Midyan kahininin yeddi qızı var idi. Onlar gəlib quyudan su çəkərək atalarının qoyun-keçilərinə su vermək üçün təknələri doldurdular. |
| 17. | O vaxt çobanlar gəlib onları qovdular; onda Musa qalxıb qızlara kömək etdi və qoyun-keçilərinə su verdi. |
| 18. | Qızlar ataları Reuelin yanına gələndə o dedi: «Necə oldu ki, bu gün tez gəldiniz?» |
| 19. | Onlar dedilər: «Bir Misirli bizi çobanların əlindən qurtardı və bizim üçün quyudan su çəkib qoyun-keçiyə su verdi». |
| 20. | O, qızlarına dedi: «O adam haradadır? Onu niyə buraxdınız? Çağırın, gəlib çörək yesin». |
| 21. | Musa o adamın evində qalmağa razı oldu. O da qızı Sipporanı Musaya arvad olaraq verdi. |
| 22. | Sippora bir oğlan doğdu. Musa onun adını Gerşom qoyub dedi: «Mən yad bir ölkədə qərib oldum». |
| 23. | Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı. |
| 24. | Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı. |
| 25. | Allah İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı. |
| ← Exodus (2/40) → |