← Exodus (19/40) → |
1. | İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda – yeni ay günü Sina səhrasına gəldilər. |
2. | Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar. |
3. | Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə: |
4. | “Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz. |
5. | İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir; |
6. | siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız”. Bu sözləri İsrail övladlarına söylə». |
7. | Musa gəlib xalqın ağsaqqallarını çağırdı və Rəbbin ona əmr etdiyi hər kəlməni onların qarşısına qoydu. |
8. | Bütün xalq bir nəfər kimi belə cavab verdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik». Musa xalqın cavabını Rəbbə çatdırdı. |
9. | Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı. |
10. | Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. |
11. | Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. |
12. | Xalqın ətrafına sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir. |
13. | Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər heyvan, istərsə də insan, bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun-uzadı çalınanda onlar dağa çıxa bilərlər”». |
14. | Musa dağdan xalqın yanına endi. O, xalqı təqdis etdi. Onlar paltarlarını yudular. |
15. | Sonra Musa xalqa dedi: «Üçüncü günə hazır olun, qadınlarla yaxınlıq etməyin». |
16. | Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. |
17. | Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. |
18. | Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi. |
19. | Şeypur səsi get-gedə ucalırdı. Musa danışırdı və Allah ona səslə cavab verirdi. |
20. | Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı. |
21. | Rəbb Musaya dedi: «Düş, xalqa tapşır ki, məbada Rəbbi görmək üçün Onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar. |
22. | Rəbbə yaxınlaşan kahinlər də özlərini təqdis etsin ki, Rəbb onlara qarşı çıxmasın». |
23. | Musa Rəbbə dedi: «Xalq Sina dağına çıxmaz, çünki Sən “dağa sərhəd çək və oranı təqdis et” deyə bizə tapşırıq verdin». |
24. | Rəbb ona dedi: «Düş get. Sən və səninlə bərabər Harun bura çıxın. Qoy kahinlərlə xalq Rəbbin yanına çıxmaq üçün sərhədi keçməsinlər, yoxsa Rəbb xalqa qarşı çıxar». |
25. | Musa xalqın yanına enib bunu onlara söylədi. |
← Exodus (19/40) → |