← Exodus (18/40) → |
1. | Midyanlıların kahini olan Musanın qayınatası Yetro Allahın Musa və xalqı İsrail üçün gördüyü bütün işləri, Rəbbin İsraili Misirdən çıxartdığını eşitdi. |
2. | Musanın qayınatası Yetro Musanın arvadı Sipporanı iki oğlu ilə birgə geri gətirdi. Musa əvvəlcədən arvadını onun yanına göndərmişdi. |
3. | Musa «mən yad bir ölkədə qərib oldum» deyib oğlanlarının birinin adı Gerşom qoymuşdu. |
4. | «Atamın Allahı köməyim oldu və məni fironun qılıncından qurtardı» deyib o birisinin adını Eliezer qoymuşdu. |
5. | Musanın qayınatası Yetro, oğulları və arvadı Musanın düşərgə saldığı Allahın dağı yerləşən səhraya gəlib, |
6. | bu xəbəri Musaya göndərdi: «Mən – sənin qayınatan Yetro, arvadın və iki oğlunla yanına gəlirəm». |
7. | Musa qayınatasının qarşısına çıxdı, təzim edib onunla öpüşdü; onlar bir-birlərindən hal-əhval tutub çadıra girdilər. |
8. | Musa qayınatasına Rəbbin İsrail övladlarının xatirinə firona və Misirlilərə etdiyi bütün şeylər, yolda çəkdikləri bütün əziyyəti və Rəbbin onları necə qurtardığını nəql etdi. |
9. | Yetro Rəbbin İsrail övladlarına etdiyi bütün yaxşılıqlara və Misirlilərin əlindən onları qurtardığına görə sevindi. |
10. | Yetro dedi: «Sizi Misirlilərin və fironun əlindən qurtaran Rəbbə alqış olsun! Xalqı Misirlilərin əlinin altından qurtaran Odur. |
11. | İndi bildim ki, Rəbb bütün allahlardan böyükdür, çünki onların öyündüklərindən də üstün oldu». |
12. | Sonra Musanın qayınatası Yetro Allaha yandırma və ünsiyyət qurbanları gətirdi. Harun ilə İsrail övladlarının bütün ağsaqqalları Musanın qayınatası ilə Allahın hüzurunda yemək yeməyə gəldilər. |
13. | Ertəsi gün Musa oturub xalqa hakimlik edirdi. Xalq da səhərdən axşamadək Musanın ətrafında dayanmışdı. |
14. | Qayınatası Musanın xalq üçün nə etdiyinə baxıb dedi: «Nə üçün bu xalqa belə edirsən? Niyə sən tək oturursan və bütün xalq səhərdən axşamadək ətrafında dayanıb gözləyir?» |
15. | Musa qayınatasına dedi: «Ona görə ki xalq Allahdan soruşmaq üçün mənim yanıma gəlir. |
16. | Həll olunmalı məsələləri olan adamlar yanıma gələndə aralarında qərar çıxarıram. Allahın qayda-qanunlarını da onlara bildirirəm». |
17. | Musanın qayınatası ona dedi: «Gördüyün iş yaxşı deyil. |
18. | Əlbəttə, həm sən, həm də səninlə olan xalq üzülərsiniz. Axı bu iş sənin üçün ağırdır, onu təkbaşına edə bilməzsən. |
19. | İndi sözümə qulaq as, sənə bir məsləhət verim. Qoy Allah sənə yar olsun! Sən bu xalqa görə Allahın hüzurunda dayan və işlərini də Ona çatdır. |
20. | Onları qayda-qanunlar barəsində xəbərdar et, gedəcəkləri yolu və görəcəkləri işi göstər. |
21. | Bütün xalq arasından bacarıqlı, Allahdan qorxan, etibarlı, haram qazanca nifrət edən adamları seç. Onları minbaşı, yüzbaşı, əllibaşı, onbaşı təyin et ki, |
22. | xalqı hər zaman mühakimə etsinlər. Qoy hər böyük işi sənin yanına gətirsinlər, hər kiçik işə isə özləri hakimlik etsinlər. Beləcə öz yükünü yüngülləşdir. Qoy o adamlar bu yükü səninlə daşısınlar. |
23. | Əgər belə etsən, Allah da sənə belə əmr etsə, dözə bilərsən. Bütün xalq da razı olub öz yerinə gedər». |
24. | Musa qayınatası deyən sözlərə qulaq asıb əməl etdi. |
25. | Bundan sonra Musa İsrail övladları arasından bacarıqlı adamlar seçdi və onlardan xalqa başçı – minbaşılar, yüzbaşılar, əllibaşılar, onbaşılar təyin etdi. |
26. | Onlar hər vaxt xalqı mühakimə edirdilər. Çətin işləri isə Musanın yanına gətirir, hər kiçik işi isə özləri mühakimə edirdilər. |
27. | Sonra Musa qayınatasını yola saldı, o da öz ölkəsinə getdi. |
← Exodus (18/40) → |