| ← Exodus (17/40) → |
| 1. | Bütün İsrail övladlarının icması Sin səhrasından yola düşüb Rəbbin buyurduğuna görə dayana-dayana köç edirdilər. Onlar Refidimdə düşərgə saldılar. Orada xalqın içməyə suyu yox idi. |
| 2. | Ona görə də xalq Musa ilə münaqişə edib belə dedi: «Bizə içməyə su verin». Musa onlara dedi: «Niyə mənimlə münaqişə edirsiniz? Nə üçün Rəbbi sınayırsınız?» |
| 3. | Xalq orada olanda susamışdı. Ona görə də Musanın əlindən deyinib dedi: «Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı susuzluqdan öldürmək üçündürmü?» |
| 4. | Musa Rəbbə fəryad edib dedi: «Axı mən bu xalq ilə nə edim? Bir az da keçsə, məni daşqalaq edəcəklər». |
| 5. | Rəbb Musaya dedi: «Xalqın qarşısına çıx. Özünlə bərabər bir neçə İsrail ağsaqqalı götür. Nil çayına vurduğun əsanı əlinə alıb irəli get. |
| 6. | Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi. |
| 7. | Musa o yeri Massa və Meriva adlandırdı, çünki orada İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar. |
| 8. | Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. |
| 9. | Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam». |
| 10. | Yeşua da Musa deyən kimi etdi və gedib Amaleqlilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. |
| 11. | Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaleqlilər üstün gəlirdi. |
| 12. | Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu. Əlinin birindən Harun, o birisindən isə Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı. |
| 13. | Yeşua Amaleq xalqını qılıncdan keçirib qırdı. |
| 14. | Rəbb Musaya dedi: «Bunu xatirə olaraq kitaba yaz, Yeşuanın qulağına çatdır ki, Mən Amaleqin adını büsbütün yer üzərindən siləcəyəm». |
| 15. | Musa bir qurbangah düzəldərək adını Yahve-Nissi qoyub |
| 16. | dedi: «Rəbbin taxtına doğru əl uzadılırdı. O, nəsildən-nəslə Amaleqlilərə qarşı döyüşəcək». |
| ← Exodus (17/40) → |