| ← Exodus (16/40) → |
| 1. | Bütün İsrail övladlarının icması Elimdən yola düşdü. Onlar Misir ölkəsindən çıxdıqdan sonra ikinci ayın on beşinci günü Elim və Sina dağı arasındakı Sin səhrasına çatdılar. |
| 2. | Səhrada bütün İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi. |
| 3. | İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz». |
| 4. | Rəbb Musaya dedi: «Budur, Mən sizin üçün göydən çörək yağdıracağam. Qoy xalq hər gün çıxıb lazımi miqdarda o çörəyi yığsın. Mənsə onları sınayacağam ki, qanunuma görə yaşayırlar ya yox. |
| 5. | Altıncı gün yığdıqları digər günlər yığdıqlarından ikiqat artıq olsun, o gün də onu hazırlasınlar». |
| 6. | Musa və Harun bütün İsrail övladlarına dedilər: «Axşam biləcəksiniz ki, sizi Misir ölkəsindən çıxaran Rəbdir. |
| 7. | Səhər isə Rəbbin izzətini görəcəksiniz. Çünki Rəbb Onun əlindən giley-güzarınızı eşitdi. Axı biz kimik ki, siz əlimizdən giley-güzar edirsiniz?» |
| 8. | Musa dedi: «Sizə axşam yeməyə ət, səhər isə doyunca çörək verən Rəbdir; çünki sizin Ona qarşı olan deyinməyinizi eşidən Odur. Axı biz kimik ki? Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır». |
| 9. | Musa Haruna dedi: «Bütün İsrail icmasına belə söylə: “Rəbbin hüzuruna yaxınlaşın, çünki O sizin deyinməyinizi eşitmişdir”». |
| 10. | Harun bütün İsrail övladlarının icması ilə danışdığı vaxt onlar səhraya baxıb Rəbbin əzəmətinin buludda göründüyünü gördülər. |
| 11. | Rəbb Musaya dedi: |
| 12. | «Mən İsrail övladlarının deyinməklərini eşitdim. Onlara de: axşamçağı ət yeyəcək, səhər isə çörəklə doyacaqsınız. Onda biləcəksiniz ki, Allahınız Rəbb Mənəm». |
| 13. | Axşam bildirçinlər uçub bütün düşərgəni bürüdülər. Səhər düşərgənin ətrafına şeh düşdü. |
| 14. | Şeh buxarlananda səhrada, torpaq üzərində qırova bənzər nazik lopalar göründü. |
| 15. | İsraillilər bunu gördükdə bir-birinə «Bu nədir?» dedilər, çünki onun nə olduğunu bilmirdilər. Musa onlara dedi: «Bu Rəbbin sizə yeməyə verdiyi çörəkdir. |
| 16. | Rəbbin əmri budur: hər adam yemək üçün özünə lazımi miqdarda ondan yığsın. Öz çadırında olan adamların sayına görə adambaşı bir omer götürsün». |
| 17. | İsrail övladları belə də etdilər. Kimi çox, kimi də az yığdı. |
| 18. | Onlar omer ilə ölçdükləri zaman çox yığanın artığı, az yığanın əskiyi olmadı. Hər kəs özünə lazımi miqdarda yemək yığdı. |
| 19. | Musa İsrail övladlarına dedi: «Qoy səhərə qədər heç kimdə bu yeməkdən qalmasın». |
| 20. | Lakin bəziləri Musanın sözünə baxmayıb bundan səhərə qədər saxladılar. Saxladıqları yemək qurdlanıb iyləndi. Musa onlara qəzəbləndi. |
| 21. | İsrail övladlarından hər kəs özünə lazımi miqdarda hər səhər ondan yığırdı. Günəş qızanda isə o əriyirdi. |
| 22. | İsrail övladları altıncı gün bu yeməkdən ikiqat artıq, adambaşı iki omer yığdılar. İcma başçıları gəlib bunu Musaya bildirdilər. |
| 23. | Musa onlara dedi: «Rəbb belə deyir: “Sabah istirahət günü – Rəbb üçün təqdis olunan Şənbə günüdür. Bu gün bişirdiyiniz hər şeyi bişirin, qaynatdığınız hər şeyi qaynadın, artığı da özünüz üçün səhərə qoyub saxlayın”». |
| 24. | İsrail övladları Musa onlara əmr etdiyi kimi yeməyi səhərə saxladılar. Onun içində nə qurd oldu, nə də iyləndi. |
| 25. | Musa dedi: «Bu gün o yeməyi yeyin, çünki Rəbb üçün Şənbə günüdür. Bu gün çöldə yemək tapmayacaqsınız. |
| 26. | Siz onu altı gün ərzində yığın; yeddinci gün – Şənbə günü o yemək yox olacaq». |
| 27. | Xalqın bəziləri yeddinci gün yemək yığmağa çıxdılar, amma tapmadılar. |
| 28. | Rəbb Musaya dedi: «Nə vaxta qədər əmrlərimə və qanunlarıma itaət etməkdən boyun qaçıracaqsınız? |
| 29. | Baxın Rəbb sizə Şənbə günü verdi. Buna görə də O sizə hər altıncı gün iki günlük yemək verir. Qoy hər kəs öz evində qalsın və yeddinci gün heç yerə çıxmasın». |
| 30. | Beləcə xalq yeddinci gün istirahət etdi. |
| 31. | İsrail xalqı bu yeməyin adını «manna» qoydu. O, görünüşcə keşniş toxumu kimi idi, rəngi ağ, dadı isə ballı yuxaya bənzəyirdi. |
| 32. | Musa dedi: «Rəbbin əmri budur: “Mannadan bir omer doldurun; Misir ölkəsindən sizi çıxardığım zaman səhrada sizə yedirtdiyim yeməyi görmək üçün qoy bu nəsildən-nəslə qorunsun”». |
| 33. | Musa Haruna dedi: «Bir qab götür, ona omer dolu manna qoy. Bu Rəbbin hüzurunda nəsildən-nəslə qorunub saxlanmalıdır». |
| 34. | Rəbbin Musaya əmr etdiyi kimi Harun onu Şəhadət sandığının önündə qoruyub saxladı. |
| 35. | İsrail övladları qırx il ərzində əhalisi olduqları Kənan ölkəsinin sərhədinə gələnə qədər manna yedilər. |
| 36. | Bir omer efanın onda bir hissəsidir. |
| ← Exodus (16/40) → |