| ← Exodus (14/40) → |
| 1. | Rəbb Musaya dedi: |
| 2. | «İsrail övladlarına belə söylə: “Dönüb Pi-Haxirot qabağında düşərgə salın. Miqdol ilə dənizin arasında, Baal-Sefon qarşısında dənizin sahilində düşərgəniz olsun”. |
| 3. | Firon düşünəcək ki, İsrail övladları torpaqda dolaşır, səhra onların yolunu kəsmişdir. |
| 4. | Mən isə fironu inadkar edəcəyəm ki, o sizi təqib etsin. Sonra firon və onun ordusunu məğlub edib izzətimi göstərəcəyəm. Bütün Misirlilər biləcəklər ki, Rəbb Mənəm». İsraillilər belə də elədilər. |
| 5. | Misir padşahına İsrail xalqının qaçdığını xəbər verəndə firon və məmurlarının fikri dəyişdi. Onlar dedilər: «Biz nə üçün belə etdik? İsrail övladları bizim qullarımız idi. Axı niyə onları buraxdıq?» |
| 6. | Firon döyüş arabalarını hazırlayıb adamlarını özü ilə götürdü. |
| 7. | O, altı yüz seçmə döyüş arabasını və Misirin bütün arabalarını götürdü. Hər arabanın öz zabiti var idi. |
| 8. | Rəbb Misir padşahı fironun ürəyini yenə də inadkar etdi və o, İsrail övladlarını təqib etdi. İsrail övladları isə cürətlə gedirdilər. |
| 9. | Misirlilər, fironun bütün araba atları, süvariləri və ordusu onları təqib edib Pi-Haxirot yanında, Baal-Sefon qarşısında dənizin sahilində qurduqları düşərgəyə çatdılar. |
| 10. | Firon yaxınlaşanda İsrail övladları baxıb gördülər ki, Misirlilər onlara doğru gəlirlər. Buna görə də İsrail övladları çox qorxdu və Rəbbə fəryad etdilər. |
| 11. | Onlar Musaya dedilər: «Məgər Misirdə qəbiristanlıq yoxdur ki, sən bizi səhrada ölməyə apardın? Bizi Misirdən çıxarıb başımıza nə gətirdin? |
| 12. | Misirdə sənə “Bizdən əl çək, Misirlilərə qulluq edək!” demirdikmi? Səhrada ölməkdən Misirlilərə qulluq etmək bizim üçün yaxşıdır». |
| 13. | Musa isə xalqa belə dedi: «Qorxmayın! Durun, Rəbbin bu gün sizi necə xilas edəcəyinə baxın. İndi gördüyünüz Misirliləri daha heç vaxt görməyəcəksiniz. |
| 14. | Sakit olun, Rəbb sizin üçün döyüşəcək!» |
| 15. | Rəbb Musaya dedi: «Nə üçün Mənə fəryad edirsən? İsrail övladlarına de ki, yola düşsünlər. |
| 16. | Sən isə əsanı qaldırıb, əlini dənizin üzərinə uzat, sularını yar ki, İsrail övladları dənizin ortasında quru yerdən keçsinlər. |
| 17. | Mən Misirlilərin ürəklərini inadkar edəcəyəm ki, sizi təqib etsinlər. Sonra fironu, onun bütün ordusunu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərəcəyəm. |
| 18. | Fironu, döyüş arabalarını və süvarilərini məğlub edib izzətimi göstərdiyim zaman Misirlilər biləcəklər ki, Rəbb Mənəm». |
| 19. | İsrail düşərgəsinin önündə gedən Allahın mələyi onların arxasına keçdi. Bulud dirəyi önlərindən arxalarına keçib, |
| 20. | Misir ordusunun və İsrail düşərgəsinin arasında durdu. Bulud bir tərəfə zülmət verdi, o birisinə isə gecə işığı verdi. Bütün gecə bu xalqlar bir-birinə yaxınlaşmadılar. |
| 21. | Musa əlini dəniz üzərinə uzatdı. Rəbb bütün gecə əsən qüvvətli şərq küləyi ilə dənizin suyunu qovub yerini quruya çevirdi. Sular yarıldı və |
| 22. | İsrail övladları dənizin ortasında quru yerdən keçdilər. Sular onlar üçün sağ və sol tərəfdən divar oldu. |
| 23. | Misirlilər onları təqib etdilər; fironun atları, döyüş arabaları və süvariləri İsrail övladlarının ardınca dənizin ortasına girdilər. |
| 24. | Dan yeri söküləndə Rəbb od və bulud dirəyindən Misir ordusuna baxıb onların arasına qarışıqlıq saldı. |
| 25. | O, arabaların çarxlarını elə ləngitdi ki, arabalar güclə hərəkət etdi. Misirlilər dedilər: «Gəlin İsrail övladlarından qaçaq, çünki Rəbb onların tərəfində bizə qarşı döyüşür». |
| 26. | Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın». |
| 27. | Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı. |
| 28. | Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı. |
| 29. | İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu. |
| 30. | Məhz o gün Rəbb İsraili Misirlilərin əlindən xilas etdi. İsrail xalqı Misirliləri dənizin sahilində ölü gördü. |
| 31. | İsrail xalqı Rəbbin Misirlilərə böyük qüvvətlə nə etdiyini görəndə Rəbdən qorxdu, Ona və qulu Musaya güvəndi. |
| ← Exodus (14/40) → |