| ← Exodus (12/40) → |
| 1. | Misir torpağında Rəbb Musaya və Haruna dedi: |
| 2. | «Bu ay sizin üçün ilin ilk ayı olacaq. |
| 3. | Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün. |
| 4. | Əgər bir adamın ailəsi bir quzu üçün sayca azdırsa, qoy o adam evinə yaxın qonşusu ilə birgə bir quzu götürüb insanların sayına, hər kəsin yeyəcəyinə görə bölsün. |
| 5. | Özünüzə birillik qüsursuz erkək heyvan götürün: ya qoyunlardan bir toğlu yaxud keçilərdən bir çəpiş olsun. |
| 6. | Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin. |
| 7. | Qurbanın qanından götürüb onu yeyəcəkləri evin qapısının hər iki yan taxtasına və üst dirəyinə sürtsünlər. |
| 8. | Qoy həmin gecə onun ətini yesinlər; əti odda bişirib mayasız çörək və acı göyərti ilə yesinlər. |
| 9. | Onu çiy yaxud suda qaynadılmış halda yox, başı, ayaqları və içalatı ilə birgə odda bişirilmiş halda yeyin. |
| 10. | Ondan səhərə qədər bir şey saxlamayın və səhər qalanını yandırın. |
| 11. | Onu belə yeyin: beliniz qurşanmış, çarıqlarınız ayağınızda və dəyənəyiniz əlinizdə olsun, onu tələsik yeyin. Bu, Rəbbin Pasxasıdır. |
| 12. | Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. |
| 13. | Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək. |
| 14. | Bu gün sizin üçün xatirə günü olacaq və onu Rəbb üçün bayram edəcəksiniz. Nəsildən-nəslə əbədi qayda olaraq onu bayram edin. |
| 15. | Yeddi gün mayasız çörək yeyin. Hətta birinci gün evlərinizdən mayanı yığışdırın. Çünki birinci gündən yeddinci günə qədər mayalı çörək yeyən hər kəsin ayağı İsrail övladlarının arasından kəsilməlidir. |
| 16. | Sizin üçün birinci və yeddinci günlərdə müqəddəs toplantı olsun. Bu günlər hər kəs özünə yemək hazırlamaqdan başqa heç bir iş görməsin. |
| 17. | Bu Mayasız Çörək bayramına ona görə riayət edin ki, məhz həmin gün sizi dəstələrlə Misir torpağından çıxartdım. Qoy nəsildən-nəslə bu sizin üçün əbədi qayda olsun və bu günə riayət edin. |
| 18. | Birinci ayın on dördüncü gününün axşamından ayın iyirmi birinci gününün axşamına qədər mayasız çörək yeyin. |
| 19. | Yeddi gün evinizdə maya olmasın, çünki mayalı bir şey yeyən hər kəs istər ölkədə qərib, istərsə də yerli olsun, ayağı İsrail icmasının arasından kəsilməlidir. |
| 20. | Heç bir mayalı şey yeməyin, yaşadığınız hər bir yerdə mayasız çörək yeyin». |
| 21. | Musa İsrailin bütün ağsaqqallarını çağırıb dedi: «Ailələrinizə görə özünüz üçün toğlu ya çəpiş seçib götürün və Pasxa qurbanını kəsin. |
| 22. | Bir çəngə züfa otu götürüb ləyəndə olan qana batırın və oradakı qandan qapının üst dirəyinə və yan taxtalarına sürtün. Səhərə qədər heç kəs evinin qapısından çıxmasın. |
| 23. | Rəbb Misirliləri bəlaya salmaq üçün gələndə qapının üst dirəyinin və hər iki yan taxtasının üzərində qan görüb o qapıdan yan keçəcək. Məhvedicini evinizə girməyə qoymayacaq. |
| 24. | Buna özünüz və övladlarınız üçün əbədi qayda kimi həmişə riayət edin. |
| 25. | Rəbbin söylədiyi kimi sizə verdiyi torpağa çatanda bu ibadətə riayət edərsiniz. |
| 26. | Övladlarınız sizdən “Bu ibadətin mənası sizin üçün nədir?” deyə soruşduqları zaman |
| 27. | onlara söyləyin: “Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”». Xalq əyilib səcdə etdi. |
| 28. | Rəbb Musaya və Haruna necə əmr etmişdisə, İsrail övladları gedib elə də etdilər. |
| 29. | Gecəyarısı Rəbb Misir torpağında olan bütün ilk oğulları öldürdü; taxtda oturan fironun ilk oğlundan tutmuş zindanda olan əsirin ilk oğluna qədər hər ilk oğul, heyvanların hər ilk balası da öldü. |
| 30. | O gecə firon, onun əyanları və bütün Misirlilər qalxdılar. Misirdən böyük bir fəryad qopdu, çünki elə bir ev yox idi ki, orada ölən olmasın. |
| 31. | Firon gecə Musanı və Harunu çağırıb dedi: «Çıxın gedin! Həm özünüz, həm də bütün İsraillilər xalqımın arasından çıxın gedin, istədiyiniz kimi Rəbbə ibadət edin. |
| 32. | Necə ki deyirdiniz, qoyun-keçinizi və mal-qaranızı da götürüb gedin, mənə də xeyir-dua verin». |
| 33. | Misirlilər xalqı ölkədən tələsik qovdular. Onlar deyirdilər: «Yoxsa hamımız öləcəyik». |
| 34. | Xalq maya qata bilmədiyi xəmiri götürdü, paltarlarına bürünmüş xəmir tabaqlarını çiyinlərində apardı. |
| 35. | İsrail övladları Musanın sözünə əməl etdilər. Misirlilərdən qızıl-gümüş əşyalar və paltar istədilər. |
| 36. | Rəbb xalqa Misirlilərin gözündə lütf qazandırdı və onlara istədiklərini verdilər. Beləcə onlar Misirliləri soydular. |
| 37. | İsrail övladları Ramsesdən Sukkota yola düşdülər. Arvad-uşaqdan əlavə, altı yüz minə qədər piyada gedən kişi var idi. |
| 38. | Qarışıq bir izdiham, çoxlu qoyun-keçi, mal-qara sürüləri də onlarla birgə yollandı. |
| 39. | Misirdən çıxardıqları maya qatılmayan xəmirdən mayasız kökələr bişirdilər. Çünki Misirdən qovulmuşdular və orada qalıb özlərinə yol üçün azuqə hazırlaya bilməmişdilər. |
| 40. | İsrail övladlarının Misirdə yaşadığı müddət dörd yüz otuz il olmuşdu. |
| 41. | Məhz bu dörd yüz otuz il tamam olan gün Rəbbin bütün dəstələri Misir torpağından çıxdı. |
| 42. | Rəbb o gecə onları Misirdən qurtarmaq üçün ayıq saxladı. İsrail xalqı bütün nəsillər boyu o gecə Misirlilərin əlindən qurtarmağın xatirəsi kimi Rəbb üçün ayıq qalmalı idilər. |
| 43. | Rəbb Musaya və Haruna dedi: «Pasxa bayramının qaydaları belədir: heç bir qərib ondan yeməsin; |
| 44. | ancaq hər kəsin pulla satın alınmış qulu sünnət olunduqdan sonra onu yeyə bilər. |
| 45. | Qonaq və muzdlu işçi ondan yeməməlidir. |
| 46. | Qoy bu yemək bir evdə yeyilsin, əti evdən bayıra çıxarılmasın və onun bir sümüyü də qırılmasın. |
| 47. | Bütün İsrail icması bu yeməyi yesin. |
| 48. | Sənin yanında qonaq olan qərib Rəbbin Pasxa bayramını keçirmək istəsə, ailəsində olan bütün kişilərlə birgə sünnət olunsun. Yalnız bu zaman onu keçirə bilər və o da sizin həmtayfanız kimi sayılar. Sünnət olunmayan heç bir kişi ondan yeməsin. |
| 49. | Yerli üçün də, yanınızda yaşayan yadelli üçün də qanun eynidir». |
| 50. | İsrail övladları Rəbbin Musaya və Haruna əmr etdiyi kimi də etdilər. |
| 51. | Rəbb o gün İsrail övladlarını Misir torpağından dəstələrlə çıxartdı. |
| ← Exodus (12/40) → |