| ← Exodus (11/40) → |
| 1. | Sonra Rəbb Musaya dedi: «Fironun və Misirlilərin üzərinə daha bir cəza göndərəcəyəm. Bundan sonra o sizi buradan buraxacaq. Hətta nəinki buraxacaq, buradan tamam qovacaq. |
| 2. | Xalqa çatdır ki, hər kişi öz qonşusundan və hər qadın öz rəfiqəsindən qızıl-gümüş əşyalar istəsin». |
| 3. | Rəbb Öz xalqına Misirlilərin gözündə lütf qazandırdı. Musa özü də Misir ölkəsində fironun əyanlarının və xalqın gözündə çox böyük adam idi. |
| 4. | Musa dedi: «Rəbb belə deyir: “Gecə yarısı Mən Misirin ortasından keçəcəyəm; |
| 5. | Misir torpağında taxtda oturan fironun oğlundan tutmuş dəyirman arxasında olan kəniz oğluna qədər hamının ilk oğlu öləcək. Hətta bütün heyvanların da ilk balaları öləcək. |
| 6. | Bütün Misir torpağında elə böyük fəryad qopacaq ki, indiyədək beləsi olmamışdır və bundan sonra da olmayacaq. |
| 7. | Lakin bütün İsraillilərin arasında nə insanların, nə də heyvanların üstünə heç it də hürməyəcək. Bundan biləcəksiniz ki, Rəbb İsrail övladları ilə Misirlilər arasında fərq qoymuşdur”. |
| 8. | Sonra bütün bu qulların yanıma gələcək və mənə təzim edib deyəcəklər: “Sən və ardınca gələn bütün xalq buradan çıxın!” Bundan sonra mən çıxacağam». Sonra Musa qızğın qəzəblə fironun yanından çıxdı. |
| 9. | Rəbb Musaya demişdi: «Misir torpağında möcüzələrim çoxalsın deyə firon sizə qulaq asmayacaq». |
| 10. | Musa və Harun bütün bu möcüzələri fironun hüzurunda göstərdilər. Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını öz torpağından buraxmırdı. |
| ← Exodus (11/40) → |