← Exodus (10/40) → |
1. | Rəbb Musaya dedi: «Fironun yanına get. Mən fironun və əyanlarının ürəyini ona görə inadkar etmişəm ki, onların arasında Öz əlamətlərimi göstərim. |
2. | Sən isə Misirdə nə cür işlər etdiyimi və onlara göstərdiyim əlamətləri oğluna və nəvənə nəql edərsən. Onda biləcəksiniz ki, Rəbb Mənəm». |
3. | Musa və Harun yenə fironun yanına gəlib ona söylədilər: «İbranilərin Allahı Rəbb belə deyir: “Nə vaxta qədər qarşımda özünü aşağı tutmaqdan imtina edəcəksən? Xalqımı burax ki, Mənə ibadət etsin! |
4. | Əgər sən Mənim xalqımı azad etməsən, Mən sabah ölkənə çəyirtkələr göndərəcəyəm. |
5. | Çəyirtkələr yer üzünü elə örtəcək ki, torpağı görmək olmayacaq. Dolu yağandan sonra sizə qalan şeyləri də onlar yeyəcəklər; tarladakı ağaclarınızın verdiyi zoğları da yeyəcəklər. |
6. | Onlar sənin, əyanlarının və bütün Misirlilərin evlərini dolduracaqlar. Belə şeyi nə ataların, nə də babaların bu torpaqda məskən saldıqları gündən indiyə qədər görməmişdilər”». Musa dönüb fironun yanından çıxdı. |
7. | Fironun əyanları ona dedilər: «Nə vaxta qədər bu adam bizə tələ quracaq? Bu adamları burax, qoy onlar özlərinin Allahı Rəbbə ibadət etsinlər. Məgər sən hələ bilmirsən ki, Misir məhv olur?» |
8. | Musanı və Harunu yenə fironun yanına çağırdılar. Firon onlara dedi: «Gedin, Allahınız Rəbbə ibadət edin. Ancaq deyin görək kimlər gedəcək?» |
9. | Musa dedi: «Uşaq, qoca, oğul, qızlarımız, qoyun-keçi və mal-qaramızla birgə gedəcəyik, çünki Rəbbə bayram etməliyik». |
10. | Firon onlara dedi: «Əgər mən sizi arvad-uşağınızla birgə buraxsam, qoy Rəbb sizə kömək olsun! Yəqin sizin pis niyyətiniz var. |
11. | Belə olmaz! Siz kişilər gedin və Rəbbə ibadət edin. Məgər bunu istəmirsiniz?» Sonra firon onları öz hüzurundan qovdu. |
12. | Onda Rəbb Musaya dedi: «Əlini Misir torpağının üzərinə uzat. Qoy Misir torpağına çəyirtkələr hücum etsin və bütün ölkənin bitkilərini, dolu yağandan sonra qalan hər şeyi yesinlər». |
13. | Musa əsasını Misir torpağının üzərinə uzatdı. Rəbb ölkəyə bütün o günü və gecəni davam edən şərq küləyi göndərdi. Səhər açılanda şərq küləyi özü ilə çəyirtkələr gətirdi. |
14. | Çəyirtkələr Misir ölkəsinə hücum edərək bütün Misir torpağına yayıldılar. Onlar o qədər çox idi ki, bu qədəri heç vaxt olmayıb və bundan sonra da olmayacaq. |
15. | Çəyirtkələr bütün yer üzünü elə bürüdü ki, torpaq görünmürdü. Onlar ölkənin bütün bitkilərini və dolu yağandan sonra qalan bütün meyvələrini yedilər; bütün Misir torpağında nə ağaclarda, nə də çöllüklərdə heç bir yaşıllıq qalmadı. |
16. | Firon tələsik Musanı və Harunu çağırıb onlara dedi: «Allahınız Rəbbə və sizə qarşı günah etdim, |
17. | indi yenə də günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin». |
18. | Musa fironun yanından çıxıb Rəbbə yalvardı. |
19. | Rəbb küləyi döndərib çox güclü qərb küləyi göndərdi və külək çəyirtkələri aparıb Qırmızı dənizə atdı və bütün Misir ölkəsində bir çəyirtkə belə, qalmadı. |
20. | Ancaq Rəbb fironun ürəyini inadkarlaşdırdı və o, İsrail övladlarını buraxmadı. |
21. | Sonra Rəbb Musaya dedi: «Əlini göyə tərəf uzat ki, Misir torpağında zülmət, qatı qaranlıq olsun». |
22. | Musa əlini göyə tərəf uzatdı və Misir torpağında üç gün qatı zülmət oldu. |
23. | Üç gün heç kəs bir-birini görmədi və heç kəs yerindən tərpənə bilmədi. Bütün İsrail övladlarının yaşadıqları yerlər isə işıqlıq idi. |
24. | Firon Musanı çağırıb dedi: «Gedin, Rəbbə ibadət edin. Qoy uşaqlarınız da sizinlə getsin, ancaq qoyun-keçiniz və mal-qaranız burada qalsın». |
25. | Musa isə dedi: «Sən bizə ünsiyyət qurbanları və yandırma qurbanları da verməlisən ki, Allahımız Rəbbə qurban gətirək. |
26. | Heyvanlarımız da bizimlə getməlidir: bir dırnaqlı da qalmamalıdır, çünki Allahımız Rəbbə qurban gətirmək üçün onları götürməliyik. Ancaq biz oraya gedib çatmamış Rəbbə nəyi qurban gətirəcəyimizi bilmirik». |
27. | Rəbb fironun ürəyini inadkar etdi və o, İsrail övladlarını buraxmaq istəmədi. |
28. | Sonra firon Musaya dedi: «Rədd ol, özünü gözlə və bir də mənim gözümə görünmə. Yenə də gözümə görünsən, öləcəksən». |
29. | Musa dedi: «Düz deyirsən, bir daha gözünə görünmərəm». |
← Exodus (10/40) → |