| Exodus (1/40) → |
| 1. | Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi: |
| 2. | Ruven, Şimeon, Levi, Yəhuda, |
| 3. | İssakar, Zevulun, Binyamin, |
| 4. | Dan, Naftali, Qad, Aşer, |
| 5. | Yaqubun nəslindən törənən yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi. |
| 6. | Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin hamısı öldü. |
| 7. | Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar qüvvətləndi; ölkə onlarla doldu. |
| 8. | Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. |
| 9. | O, xalqına dedi: «Baxın İsrail övladları sayca bizdən çox və daha qüvvətlidir. |
| 10. | Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər». |
| 11. | Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər. |
| 12. | Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı. Onda Misirlilər İsrail övladlarından qorxub, |
| 13. | onları sıxıntılı əsarətdə saxladılar. |
| 14. | Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər. |
| 15. | Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi: |
| 16. | «İbrani qadınlarını doğuzduranda baxın: əgər uşaq oğlan olarsa, onu öldürün, yox, əgər qız olsa, qoy yaşasın». |
| 17. | Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının onlara əmr etdiyi kimi etmədilər və oğlan uşaqlarını sağ buraxdılar. |
| 18. | Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi: «Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?» |
| 19. | Mamaçalar firona dedilər: «Çünki İbrani qadınları Misirli qadınlar kimi deyil, onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən əvvəl doğurlar». |
| 20. | Buna görə Allahın xalqı çoxalıb artdı. Allah mamaçalara da xeyirxahlıq göstərdi. |
| 21. | Ondan qorxduqlarına görə bu qadınlara da ailə nəsib etdi. |
| 22. | Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər qız uşağını isə sağ qoyun». |
| Exodus (1/40) → |