| ← Esther (7/10) → | 
| 1. | Padşahla Haman mələkə Esterin ziyafətinə gəldi. | 
| 2. | İkinci gün şərab içiləndə padşah yenə Esterə dedi: «Mələkə Ester, nə istəyirsən? De, sənə verim! Arzun nədir? Padşahlığımın yarısını belə, istəsən, verəcəyəm». | 
| 3. | Ester padşaha cavab verdi: «Əgər padşahın gözündə lütf tapmışamsa, əgər padşahın xoşuna gəlirəmsə, istəyim budur ki, mənə həyat bəxş etsin, arzum budur ki, xalqıma qıymasın. | 
| 4. | Çünki həm mən, həm də xalqım qırılmaq, öldürülmək, məhv edilmək üçün satılmışıq. Əgər bizi qul-qarabaş kimi satsaydılar, susardım, çünki padşahı belə bir dərdlə narahat etməyə dəyməz». | 
| 5. | O zaman padşah Axaşveroş mələkə Esterdən «Bu işi kim etmişdir? Ürəyində belə istəyi olan haradadır?» deyib soruşanda | 
| 6. | Ester dedi: «Bizə nifrət edən düşmənimiz bu bədxah Hamandır!» Padşahın və mələkənin önündə Hamanı dəhşət bürüdü. | 
| 7. | Padşah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Haman isə mələkə Esterdən canı üçün əfv diləməkdən ötrü içəridə qaldı, çünki gördü ki, padşah onun aqibətinə qərar verir. | 
| 8. | Padşah saray bağçasından şərab içdikləri ziyafət yerinə qayıdanda gördü ki, Haman Ester uzanan kürsünün üzərinə döşənib. Padşah dedi: «Bu nədir? Bu adam evimdə, mənim yanımda mələkəni zorlayacaqmı?» Elə bu sözlər padşahın ağzından çıxanda Hamanın üzünü bağladılar. | 
| 9. | Hərəmağalardan Xarvona adlı bir nəfər padşaha belə dedi: «Budur, Hamanın evinin yanında əlli qulac hündürlüyündə dar ağacı var. Onu padşaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb». Padşah dedi: «Ondan özü asılsın!» | 
| 10. | Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padşahın qəzəbi soyudu. | 
| ← Esther (7/10) → |