| ← Ephesians (5/6) → |
| 1. | Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. |
| 2. | Məsih bizi necə sevdisə, Özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda etdisə, siz də məhəbbətdə elə həyat sürün. |
| 3. | Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz. |
| 4. | Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. |
| 5. | Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq. |
| 6. | Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir. |
| 7. | Buna görə də onların şəriki olmayın. |
| 8. | Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün. |
| 9. | Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salehlikdə və həqiqətdə görülür. |
| 10. | Rəbbi razı salan şeyləri ayırd edin, |
| 11. | qaranlığın səmərəsiz əməllərinə şərik olmayın. Əksinə, bunları ifşa edin. |
| 12. | Belə ki qaranlıqdakıların gizlicə etdikləri şeyləri söyləmək də ayıbdır. |
| 13. | Nurun ifşa etdiyi hər şey aşkardır, |
| 14. | bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir: «Ey yatan, oyan və ölülər arasından diril! Məsih sənin üzərinə nur saçacaq». |
| 15. | Beləliklə, həyat tərzinizə ciddi diqqət yetirin, müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. |
| 16. | Hər fürsətdən istifadə edin, çünki günlər şərdir. |
| 17. | Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk edin. |
| 18. | Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun. |
| 19. | Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun, Rəbbə ürəkdən nəğmələr çalıb-oxuyun. |
| 20. | Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin. |
| 21. | Məsih qorxusu ilə bir-birinizə tabe olun. |
| 22. | Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. |
| 23. | Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. |
| 24. | Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar. |
| 25. | Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. |
| 26. | Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin |
| 27. | və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. |
| 28. | Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. |
| 29. | Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. |
| 30. | Axı biz Onun bədən üzvləriyik. |
| 31. | «Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq». |
| 32. | Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. |
| 33. | Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin. |
| ← Ephesians (5/6) → |