← Ephesians (4/6) → |
1. | Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. |
2. | Tamamilə itaətkar və həlim, səbirli olub bir-birinizə məhəbbətlə dözün. |
3. | Ruhun birliyini sülh bağı ilə qorumağa çalışın. |
4. | Çağırış aldıqda bir ümidə çağırıldığınız kimi bədən bir, Ruh bir, |
5. | Rəbb bir, iman bir, vəftiz bir, |
6. | hamının Allahı və Atası birdir. O hamı üzərində, hamı ilə və hamıdadır. |
7. | Hər birimizə isə Məsihin bəxşişinin ölçüsü ilə lütf verilmişdir. |
8. | Bunun üçün belə deyilir: «Ucalara çıxıb əsirləri Özü ilə apardı, İnsanlara hədiyyələr verdi». |
9. | Bəs bu «çıxıb» sözü nə deməkdir? Yalnız o deməkdir ki, Məsih əvvəlcə aşağılara, yer üzünə də enmişdi. |
10. | Enən də Odur, hər şeyi bütövləşdirmək üçün bütün göylər üzərinə çıxan da Odur. |
11. | Özü kimini həvari, kimini peyğəmbər, kimini müjdəçi, kimini çoban və müəllim təyin etdi ki, |
12. | Məsihin bədəninin inkişafından ötrü xidmət vəzifəsini yerinə yetirmək üçün müqəddəsləri təmin etsinlər. |
13. | Bunun nəticəsində hamımız imanda və Allahın Oğlunu tanımaqda birliyə, kamil insan səviyyəsinə, Məsihin tam yetkinliyi həddinə çatacağıq. |
14. | Belə ki artıq insanların kələkbazlığı ilə, bizi yoldan azdırmaq üçün hazırladıqları hiylələrlə, cürbəcür təlimin küləyi ilə çalxalanan və ora-bura sürüklənən körpə uşaqlar olmayaq. |
15. | Əksinə, məhəbbətlə həqiqəti yerinə yetirərək bədənin Başı olan Məsihə bənzəmək üçün hərtərəfli böyüyək. |
16. | Bütün bədən Onunla birləşdiyi üçün hər buğumun köməyi ilə üzvi surətdə Ona bağlanıb qurulur və hər üzvün ahəngdar işləməsi ilə böyüyür, məhəbbətlə inkişaf edir. |
17. | Beləliklə, bunu Rəbdə olaraq deyir və xəbərdarlıq edirəm ki, siz artıq başqa millətlər kimi boş düşüncələrlə həyat sürməyin. |
18. | Onların şüurlarını qaranlıq alıb və mənəviyyatca nadan, qəlbən inadkar olduqlarına görə Allah həyatına yad oldular. |
19. | Həssaslığı hərtərəfli itirərək hərisliklə hər cür murdar işlər üçün özlərini pozğunluğa verdilər. |
20. | Sizsə Məsihi elə öyrənməmisiniz. |
21. | Əlbəttə, siz İsanın səsini eşitdiniz və İsada – Ondakı həqiqətə əsasən təlim aldınız. |
22. | Bu təlimə görə əvvəlki həyat tərzinizə məxsus olub aldadıcı ehtiraslarla pozulmaqda olan köhnə mənliyi kənara atın, |
23. | ruhən və əqlən yeniləşin, |
24. | əsl salehlik və müqəddəsliklə Allaha bənzər yaradılmış yeni mənliyə bürünün. |
25. | Buna görə yalanı kənara atın, hər biriniz öz qonşunuza həqiqəti söyləyin, çünki hamımız eyni bədənin üzvləriyik. |
26. | Qəzəblənərkən günah işlətməyin. Günəş batmazdan əvvəl qəzəbinizi soyudub |
27. | iblisə yer verməyin. |
28. | Oğurluq edən artıq oğurluq etməsin, əksinə, zəhmət çəkib öz əlləri ilə yaxşı əməl etsin ki, ehtiyacı olanlarla bölüşdürməyə bir şeyi olsun. |
29. | Ağzınızdan heç bir pis söz çıxmasın, amma eşidənlərə xeyir versin deyə lazım olanda başqalarının inkişafına səbəb olan sözlər deyin. |
30. | Allahın Müqəddəs Ruhunu kədərləndirməyin. Çünki satınalınma günü üçün o Ruhla möhürləndiniz. |
31. | Qoy hər cür kinlə birlikdə acılıq, hiddət, qəzəb, çığırtı, böhtançılıq büsbütün sizdən uzaq olsun. |
32. | Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın. |
← Ephesians (4/6) → |