← Ephesians (2/6) → |
1. | Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. |
2. | Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin, yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz. |
3. | Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə, təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik. |
4. | Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün |
5. | təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz. |
6. | Allah bizi Məsih İsada, Onunla birlikdə dirildib səmada oturtdu. |
7. | Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. |
8. | Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. |
9. | Əməllərlə deyil ki, heç kim öyünə bilməsin. |
10. | Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq. |
11. | Buna görə cismən başqa millətlərdən olan sizlər bir zamanlar kim olduğunuzu yada salın; bədəndə əllə icra olunan sünnətə malik olub «sünnətlilər» deyə tanınanların «sünnətsiz» adlandırdığı sizlər |
12. | o vaxt Məsihsiz, İsrail vətəndaşlığından kənar, Allahın vədinə əsaslanan Əhdlərə yad, dünyada ümidsiz və Allahdan məhrum idiniz. |
13. | Amma bir zamanlar uzaq olan sizlər indi Məsih İsada Məsihin qanı sayəsində yaxın oldunuz. |
14. | Çünki Məsih Özü barışığımızdır. O hər iki tərəfi bir etdi və bizi bir-birimizdən ayıran səddi, yəni ədavəti Öz cismi ilə yıxdı. |
15. | Qanunu əmrləri və qaydaları ilə birlikdə ləğv etdi ki, hər iki tərəfdən Özündə yeni bir insan yaradaraq barışıq təmin etsin |
16. | və çarmıx vasitəsilə hər ikisini tək bədəndə Allahla barışdırsın. O, ölümü ilə ədavəti yox etdi. |
17. | O gəlib həm uzaqda olan sizlərə, həm də yaxındakılara bu barışdırma Müjdəsini yaydı. |
18. | Çünki hər iki tərəfdən olan bizlər Onun vasitəsilə bir Ruhda Atanın hüzuruna çıxa bilərik. |
19. | Deməli, artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. |
20. | Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz, guşədaşı isə Məsih İsa Özüdür. |
21. | Bütün bina Onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. |
22. | Siz də Ruh vasitəsilə Allahın məskəni olmaq üçün birlikdə Məsih üzərində tikilirsiniz. |
← Ephesians (2/6) → |