Ecclesiastes (7/12)  

1. Yaxşı ad ətirli yağdan, Ölüm günü isə doğum günündən yaxşıdır.
2. Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın.
3. Qüssə gülməkdən yaxşıdır, Çünki üzün qəmgin olması İnsan üçün daha yaxşıdır.
4. Hikmətli adamın ürəyi yas evindədir, Amma ağılsızın ürəyi şadlıq evində.
5. Hikmətli adamın məzəmmətini eşitmək Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır.
6. Çünki ağılsız adamın gülməyi Qazan altında yanan tikanlı kolun səsi kimidir. Bu da puçdur.
7. Haram gəlir hikmətli adamı ağılsıza çevirir, Rüşvət isə ürəyi bərbad edir.
8. Bir şeyin axırı əvvəlindən yaxşıdır, Səbirli adam qürurludan yaxşıdır.
9. Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar.
10. “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil.
11. Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır.
12. Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər.
13. Allahın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər?
14. Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin.
15. Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.
16. Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən?
17. Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən?
18. Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar.
19. Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər.
20. Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.
21. Adamların dediyi hər sözə məhəl qoyma, Onda nökərinin səni söydüyünü eşitməzsən.
22. Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən.
23. Bu deyilənlərin hamısını hikmətlə sınadım. “Hikmətli olacağam” söylədim. Amma buna qadir olmadım.
24. Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər?
25. Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir.
26. Tələ quran qadını Ölümdən acı gördüm. Onun ürəyi tora, Əlləri zəncirə bənzər. Allahın razı qaldığı adam ondan qaçar, Ancaq günahkar adam ona əsir olar».
27. Vaiz deyir: «Bax bunu öyrəndim: Hər şeyin əsasını tapmaq üçün Bir-bir araşdıran zaman
28. Ürəyim hey axtarır, ancaq tapa bilmir. Min kişinin içində bir yaxşısını tapdım, Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.
29. Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü.

  Ecclesiastes (7/12)