| ← Ecclesiastes (4/12) → | 
| 1. | Mən yenə səma altında edilən Bütün zülmləri gördüm: Məzlumların göz yaşlarını gördüm, Onlara təsəlli verən yox idi, Qüdrət zalımların əlində idi, Məzlumlara təsəlli verən yox idi. | 
| 2. | Çoxdan ölüb getmiş adamları Hələ diri qalanlardan daha xoşbəxt saydım. | 
| 3. | Bunlardan da xoşbəxt o adamdır ki, Hələ dünyaya gəlməyib, Səma altında edilən pisliyi görməyib. | 
| 4. | Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. | 
| 5. | Ağılsız adam əlini qoynuna qoyur, Öz canını üzür. | 
| 6. | Bir ovuc dolusunun gətirdiyi rahatlıq İki ovuc dolusunun gətirdiyi Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır. | 
| 7. | Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm: | 
| 8. | Tənha bir adam var idi, Onun nə oğlu, nə də qardaşı var idi. Zəhmət çəkməkdən yorulmazdı, Lakin yenə də gözləri mal-dövlətdən doymurdu. Özündən soruşmurdu ki, Kimin üçün bu qədər zəhmət çəkirəm, Kimin üçün özümü zövq almaqdan məhrum edirəm? Bu da puçdur, böyük bir dərddir. | 
| 9. | İki adam bir adamdan yaxşıdır, Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar. | 
| 10. | Əgər biri yıxılsa, O biri yoldaşını qaldırar. Lakin vay o adamın halına ki, Yıxılanda onu qaldıran olmur! | 
| 11. | Həmçinin iki nəfər bir yerdə yatarsa, Bir-birini isidər. Amma tək yatan necə isinə bilər? | 
| 12. | Əgər bir nəfər tək qalıb məğlub olarsa, İki nəfər hücuma tab gətirə bilər. Üçqat ip tez qırılmaz. | 
| 13. | Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır. | 
| 14. | Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər. | 
| 15. | Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir. | 
| 16. | Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. | 
| ← Ecclesiastes (4/12) → |