| ← Ecclesiastes (3/12) → | 
| 1. | Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var: | 
| 2. | Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı. Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı. | 
| 3. | Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı. Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı. | 
| 4. | Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı. Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı. | 
| 5. | Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı. Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı. | 
| 6. | Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı. Saxlamağın öz vaxtı, atmağın öz vaxtı. | 
| 7. | Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı. Susmağın öz vaxtı, danışmağın öz vaxtı. | 
| 8. | Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı. Müharibənin öz vaxtı, sülhün öz vaxtı. | 
| 9. | İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var? | 
| 10. | Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. | 
| 11. | Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. | 
| 12. | Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. | 
| 13. | Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir. | 
| 14. | Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun. | 
| 15. | İndi nə olursa, keçmişdə də olub, Nə olacaqsa, lap qədimdən də var idi. Allah olub-keçənləri araşdırır. | 
| 16. | Səma altında bir şey də gördüm: Ədalətin yerində pislik var, Salehliyin də yerində pislik. | 
| 17. | Mən ürəyimdə dedim: “Allah həm salehi, Həm də pis adamı mühakimə edəcək. Çünki O hər iş, hər əməl üçün Bir vaxt qoyub”. | 
| 18. | İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”. | 
| 19. | Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. | 
| 20. | Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır. | 
| 21. | Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir? | 
| 22. | Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün? | 
| ← Ecclesiastes (3/12) → |