Ecclesiastes (10/12)  

1. Ölü milçəklər ətirdüzəldənin yağını İylədib xarab edər. Kiçik ağılsızlıq da Hikmət və hörmət sahibini rüsvay edər.
2. Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr, Ağılsız adamın ürəyi əyriliyə.
3. O yol gedəndə də ağlının azlığı bilinər, Ağılsız olduğunu hamıya göstərər.
4. Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər.
5. Səma altında bir dərd də gördüm: O da hökmdarın əlindən çıxan səhvdir.
6. Ağılsızlar yüksək vəzifələrə qoyulur, Halbuki varlılar aşağıda oturur.
7. Gördüm ki, qullar necə at üstündə, Ağalar isə qul kimi piyada gedir.
8. Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər.
9. Daş kəsəni daşlar yaralar, Odun yarana odun xətər yetirər.
10. Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar.
11. Əgər ilan ovsun oxunmazdan qabaq sancsa, Ovsunçu çağırmağın faydası yoxdur.
12. Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar.
13. Onun dilindəki sözlər ağılsızlıqla başlanar, Danışığının axırı da sarsaqlıqdır.
14. Ağılsız adam çox söz danışar. Heç kəs nə olacağını bilməz. Bəs kim ona özündən sonra Nə olacağını deyə bilər?
15. Ağılsızların çəkdikləri zəhmət Özlərini yorar, Onlar şəhərə gedən yolu da bilmir.
16. Əgər padşahın bir uşaqdırsa, Başçıların səhər tezdən Ziyafətə başlayırsa, Onda vay halına, ey ölkə!
17. Əgər padşahın bir əsilzadədirsə, Başçıların da vaxtında Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə, Onda xoş halına, ey ölkə!
18. Tənbəllik üzündən evin damı uçar, Heç bir iş görməsən, evin tavanı damar.
19. Yemək şadlıq gətirər, Şərab həyatı keflə doldurar, Pul isə hər istəyini ödəyər.
20. Padşahı hətta ürəyində də söymə, Varlı adamı yataq otağında da lənətləmə. Çünki göydə uçan quşlar xəbər aparar, Qanadlı məxluqlar sənin sözünü çatdırar.

  Ecclesiastes (10/12)