| Ecclesiastes (1/12) → | 
| 1. | Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir. | 
| 2. | Vaiz deyir: «Hər şey puçdur, puçdur, tamam puçdur! | 
| 3. | İnsanın səma altında çəkdiyi Bütün zəhmətlərinin nə faydası var? | 
| 4. | Bir nəsil gedir, o biri nəsil gəlir, Amma dünya daim qalır. | 
| 5. | Günəş çıxır, günəş batır, Sonra tələsik yerinə dönür ki, Təzədən çıxsın. | 
| 6. | Külək cənub səmtinə əsir, Sonra şimal səmtinə dönür. Dönə-dönə gedir, Öz yolunu təkrar edir. | 
| 7. | Bütün çaylar dənizə axır, Amma dəniz heç vaxt dolmur. Axdıqları yerə qayıdırlar ki, Təzədən axsınlar. | 
| 8. | Hər şey çətin başa gəlir. Sözlər kifayət etmir, Göz görməkdən doymur, Qulaq da eşitməkdən. | 
| 9. | Nə olubsa, yenə olacaq, Nə edilibsə, yenə ediləcək. Ona görə də səma altında tamam təzə bir şey yoxdur. | 
| 10. | Məgər bir şey var ki, Onun haqqında deyilsin: “Bax bu təzə bir şeydir?” O da çoxdan var imiş – Bizim dövrümüzdən əvvəl. | 
| 11. | Əvvəlki şeylərdən heç nə xatırlanmır, Gələcəkdə baş verən şeylərdən də Bundan sonra gələnlər arasında Heç nə xatırlanmayacaq. | 
| 12. | Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim. | 
| 13. | Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. | 
| 14. | Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər. | 
| 15. | Əyri olan düz ola bilməz, Əskik olan sayıla bilməz. | 
| 16. | Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”. | 
| 17. | Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər. | 
| 18. | Çünki hikmət çox olduqca Kədər də çoxalır. Bilik artdıqca Dərd də artır. | 
| Ecclesiastes (1/12) → |