← Deuteronomy (6/34) → |
1. | Allahınız Rəbbin sizə öyrətmək üçün mənə buyurduğu əmr, qayda və hökmlər bunlardır. Ona görə də irs olaraq almaq üçün gedəcəyiniz torpaqda bunlara əməl edin. |
2. | Ömrün boyu sən, oğlun, nəvələrin sənə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahın Rəbdən qorx ki, ömrün uzun olsun. |
3. | Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan. |
4. | Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. |
5. | Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev. |
6. | Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın. |
7. | Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış. |
8. | Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla, |
9. | evlərinin qapı çərçivələrinə və darvazalarına yaz. |
10. | Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şəhərlər, yığmadığın gözəl şeylərlə dolu evlər, |
11. | zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol. |
12. | Səni Misir torpağından – köləlik diyarından çıxaran Rəbbi unutma. |
13. | Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et. |
14. | Yad allahların – başqa xalqların allahlarının ardınca getmə ki, |
15. | Allahın Rəbbin sənə qarşı qəzəbi alovlanmasın və səni yer üzündən yox etməsin, çünki aranızda olan Allahın Rəbb qısqanc bir Allahdır. |
16. | Allahınız Rəbbi Massada sınadığınız kimi sınamayın. |
17. | Ona görə də Allahınız Rəbbin sizə buyurduğu əmrlərə, göstərişlərə və qanunlara diqqətlə əməl edin. |
18. | Rəbbin gözündə doğru və yaxşı olana əməl et ki, xoş güzəranın olsun, Rəbbin atalarına vəd etdiyi gözəl torpağı irs olaraq ala biləsən. |
19. | Rəbb də söz verdiyi kimi bütün düşmənlərini qarşından qovacaq. |
20. | Əgər gələcəkdə oğlun sənə “Allahımız Rəbbin sizə buyurduğu göstərişlərin, qayda və hökmlərin mənası nədir?” deyə soruşsa, |
21. | oğluna belə de: “Biz Misirdə fironun köləsi idik. Rəbb oradan bizi qüdrətli əli ilə çıxartdı. |
22. | Rəbb gözümüzün önündə Misirə, fironla bütün ailəsinə böyük, dəhşətli əlamətlər və möcüzələr göstərdi. |
23. | Bizi oradan çıxartdı ki, atalarımıza vəd etdiyi bu torpağa gətirsin və oranı bizə versin. |
24. | Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın. |
25. | Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”. |
← Deuteronomy (6/34) → |