| ← Deuteronomy (5/34) → |
| 1. | Musa bütün İsrailliləri çağırıb dedi: «Dinlə, ey İsrail! Bu gün sənə deyəcəyim qayda və hökmləri öyrənib dəqiq əməl et! |
| 2. | Xorevdə Allahımız Rəbb bizimlə əhd kəsdi. |
| 3. | Bu əhdi Rəbb atalarımızla deyil, bu gün məhz burada bizim sağ qalanlarımızla kəsdi. |
| 4. | Rəbb dağdakı alovun içərisindən sizinlə üzbəüz danışdı. |
| 5. | O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım. Alovdan qorxduğunuza görə dağa çıxmadınız. |
| 6. | Rəbb belə dedi: “Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. |
| 7. | Məndən başqa allahların olmasın. |
| 8. | Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. |
| 9. | Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. |
| 10. | Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. |
| 11. | Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. |
| 12. | Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et. |
| 13. | Altı gün çalışıb bütün işlərini gör. |
| 14. | Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin. |
| 15. | Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib. |
| 16. | Allahın Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun. |
| 17. | Qətl etmə. |
| 18. | Zina etmə. |
| 19. | Oğurluq etmə. |
| 20. | Heç kimə qarşı yalandan şahidlik etmə. |
| 21. | Heç kimin arvadına tamah salma. Heç kimin evinə, tarlasına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma”. |
| 22. | Rəbb bu sözləri bütün camaatınıza dağda alovun, buludun və qatı qaranlığın içərisindən ucadan söylədi, başqa bir söz demədi. Sonra bunları iki lövhə üzərinə yazıb mənə verdi. |
| 23. | Dağ alovlanıb-yanarkən zülmət içindən siz Onun səsini eşidəndə bütün qəbilə başçılarınız və ağsaqqallarınız mənə yaxınlaşdı. |
| 24. | Belə dediniz: “Budur, Allahımız Rəbb bizə ehtişamını və əzəmətini göstərdi. Alovun içərisindən Onun səsini eşitdik. Bu gün gördük ki, Allah insanla danışanda insan sağ qalır. |
| 25. | Bu gün niyə ölməliyik? Axı bu böyük alov bizi külə döndərər. Əgər Allahımız Rəbbin səsini bir də eşitsək, o zaman öləcəyik. |
| 26. | Bütün bəşəriyyət içərisində bizim kimi alov içərisindən var olan Allahın səsini eşidib sağ qalan varmı? |
| 27. | Sən Ona yaxınlaş, Allahımız Rəbbin deyəcəyi hər şeyə qulaq as. Sonra Allahımız Rəbbin dediyi hər şeyi bizə söylə! Biz isə buna qulaq asıb əməl edəcəyik”. |
| 28. | Rəbb mənə bunları deyəndə bu sözləri siz də eşitdiniz. Rəbb mənə dedi: “Bu xalqın sənə söylədiklərini eşitdim. Söylədikləri hər şeyi yaxşı dedilər. |
| 29. | Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar. |
| 30. | Get, onlara de ki, çadırlarına qayıtsınlar. |
| 31. | Sən isə burada yanımda dayan. Bütün əmrləri, qayda və hökmləri sənə deyəcəyəm. Sən xalqa öyrət ki, mülk olaraq almaq üçün onlara verəcəyim torpaqda bunları yerinə yetirsinlər”. |
| 32. | Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin, onlardan nə sağa, nə də sola dönün. |
| 33. | Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz. |
| ← Deuteronomy (5/34) → |