← Deuteronomy (32/34) → |
1. | «Ey göylər, qulaq asın, söyləyəcəyəm, Qoy yer üzü dilimdən çıxan sözləri eşitsin. |
2. | Qoy təlimim yağış kimi tökülsün, Sözüm şeh kimi düşsün, Çəmən üzərinə düşən narın yağış tək olsun, Ot üzərinə tökülən leysana oxşasın, |
3. | Çünki Rəbbin ismini elan edəcəyəm! Allahımızın əzəmətini mədh edin! |
4. | O, işləri kamil Qayadır, Çünki bütün yolları haqdır, Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur. |
5. | Ona xəyanət etdilər, Ona övlad olmadılar, Ona görə rüsvay oldular. Çünki əyri və tərs nəsildirlər. |
6. | Ey axmaq, ağılsız xalq, Rəbbə budurmu əvəziniz? Sizi yaradan, sizə görkəm verən Atanız, Yaradanınız O deyilmi? |
7. | Ötən günləri yadınıza salın, Keçmiş nəsillərin dövrünə nəzər salın, Atanızdan soruşun, o sizə desin, Ağsaqqallarınızdan soruşun, onlar sizə söyləsin. |
8. | Haqq-Taala millətlərə irsi torpaq bölərkən, Bəşər övladlarını ayırarkən İsrail övladlarının sayına görə Xalqlara sərhəd qoydu. |
9. | Çünki Rəbbin payı Öz xalqıdır! Yaqub Onun payına düşən irsidir. |
10. | Onu quraq bir torpaqda, Uğultulu, boş-biyaban səhrada tapdı. Bir sipər kimi onu hifz etdi, Göz bəbəyi kimi onu qorudu. |
11. | Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi |
12. | Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi. |
13. | Onu yer üzünün yüksəkliklərinə çıxartdı, Zəminin məhsulundan yedirtdi. Onu qayadan süzülən balla, Çaxmaq daşından çəkilən yağla bəslədi. |
14. | Onu inəklərin kəsmiyi, qoyunların südü ilə, Kökəldilmiş quzularla, Başandakı təkələrlə, qoçlarla. Ən yaxşı buğda ilə bəslədi. Xalq şərabı, üzümün al qanını içdi, |
15. | Lakin Yeşurun kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən Onu yaradan Allahı tərk etdi, Xilaskarını, Qayasını rədd etdi. |
16. | Yad allahlarla Allahı qısqandırdılar, İyrənc əməllərlə Onu qəzəbləndirdilər. |
17. | Allah olmayan cinlərə, Tanımadıqları allahlara, Atalarının qorxmadıqları, Son zamanlar yeni yaranan allahlara Qurban kəsdilər. |
18. | Sizi həyata gətirən Qayanı atdınız. Sizi yaradan Allahı unutdunuz. |
19. | Rəbb bunu görəndə onları rədd etdi, Çünki oğul və qızları Onu hiddətləndirdi. |
20. | O dedi: “Bax onlardan Mənim üzüm dönəcək, Onların aqibəti görüm necə olacaq? Çünki onlar etimada layiq olmayan övladlar, azğın nəsildirlər. |
21. | Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər. Mən də onları xalq olmayanlarla qısqandıracağam, Axmaq bir millətlə qəzəbləndirəcəyəm. |
22. | Çünki qəzəbimdən bir od alovlandı, Ölülər diyarı dibinəcən yandı. Dünyanı və nemətlərini yeyib qurtaracaq, Dağların bünövrəsi odlanıb tutuşacaq. |
23. | Mən onların üzərinə bəlalar yığacağam, Oxlarımı onlara tuşlayacağam. |
24. | Qıtlıqdan tükənəcək, qızdırmadan qırılacaqlar, Vəbadan tələf olacaqlar. Heyvanların dişlərini, Torpaqda sürünən ilanların zəhərini Onlara sarı göndərəcəyəm. |
25. | Gənc oğlanı və qızı, Südəmər körpəni, ağsaçlı insanı Bayırdan qılınc, daxildən dəhşət məhv edəcək. |
26. | Dedim: ‹Qoy onları uzaqlara dağıdım, Onları insanların yaddaşından çıxarım›. |
27. | Lakin düşmənin istehzasından çəkindim, İstəmədim ki, əleyhdarları yanlış anlayıb desinlər: ‹Bütün bu işləri Rəbb görməyib, Özümüz zəfər qazanmışıq›”. |
28. | Çünki onlar düşüncəsiz bir millətdir, Necə də ağılsızdırlar. |
29. | Kaş ki müdrik olub bunu dərk edəydilər, Aqibətlərini düşünəydilər. |
30. | Əgər onların Qayası onları satmasaydı, Rəbb onları təslim etməsəydi, Bir adam min nəfəri necə qova bilərdi? İki kişi on min nəfəri necə qaçıra bilərdi? |
31. | Həqiqətən, onların qayası Qayamız kimi deyil, Hətta düşmənlərimiz bunu qəbul edir. |
32. | Tənəkləri Sodomdakı üzüm ağaclarındandır, Homorra bağlarındandır. Üzümləri zəhərlidir, Salxımları acıdır. |
33. | Şərabları əfi ilan zəhəridir, Gürzələrin öldürücü ağısıdır. |
34. | “Məgər bunların hamısını Mən yanımda saxlamamışammı? Bunları xəzinəmdə möhürləyən Mən deyiləmmi? |
35. | Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar, Çünki onlar həlak gününə yaxındırlar, Əcəlləri tez çatar”. |
36. | Rəbb Öz xalqını mühakimə edəcək. Onların gücünün qurtardığını görərkən, Nə kölədən, nə azaddan kimsə qalmayarkən Qullarına rəhm edəcək. |
37. | O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya? |
38. | Qurbanlarının yağını yeyən, Hanı içmə təqdimlərini içən allahları? Qoy sizə kömək etmək üçün dursunlar, Pənahgahınız olsunlar. |
39. | İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz. |
40. | Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm: ‹Əbədi Varlığıma and olsun ki, |
41. | Şimşək çaxan qılıncımı itiləyib Hökm etmək üçün əlimə alsam, Düşmənlərimdən qisas alacağam, Mənə nifrət edənlərdən əvəz çıxacağam. |
42. | Onların qanı ilə oxlarımı sərxoş edəcəyəm; Qılıncım əti, qırılanların, əsir edənlərin qanını, Düşmən rəhbərlərinin başını yeyəcək›”. |
43. | Ey millətlər, Onun xalqı ilə birgə sevinin! Çünki O, qullarının qan qisasını alacaq, Düşmənlərindən əvəz çıxacaq, Ölkəsi və xalqı üçün kəffarə edəcək». |
44. | Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi. |
45. | Musa bütün İsraillilərə bu sözlərin hamısını söyləyib qurtaranda |
46. | belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz. |
47. | Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək». |
48. | Rəbb elə həmin gün Musaya belə dedi: |
49. | «Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağına, Nevo dağına çıx. İsrail övladlarına mülk olaraq verəcəyim Kənan torpağını gör. |
50. | Qardaşın Harun Hor dağında ölüb əcdadlarına qoşulduğu kimi sən də çıxacağın dağda ölüb xalqına qovuşacaqsan. |
51. | Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz. |
52. | Ona görə ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən». |
← Deuteronomy (32/34) → |