← Deuteronomy (25/34) → |
1. | İnsanlar arasında münaqişə olarsa, qoy onlar məhkəməyə getsinlər. Hakimlər bu işə baxıb haqlı adama bəraət, haqsıza isə cəza versinlər. |
2. | Əgər təqsirkar adam kötəklənməyə layiqdirsə, qoy hakim onu yerə uzandırıb kötəyi günahının ağırlığına görə vurdursun. |
3. | Təqsirkara qırx zərbədən artıq vurulmasın. Əgər qırxdan çox zərbə vursanız, soydaşınız göz önündə zəlil ola bilər. |
4. | Xırman çəkən öküzün ağzını bağlama. |
5. | Əgər qardaşlar bir yerdə yaşayırlarsa, onlardan biri ölərsə və ölənin oğlu olmazsa, dul qadın başqa ailədən olan bir adama ərə getməsin. Qaynı yanına gəlib onu arvad olaraq alsın və qayın-qəyyumluq vəzifəsini yerinə yetirsin. |
6. | Qadının doğacağı ilk oğul mərhumun adını yaşatsın. Qoy İsraildə mərhumun adı batmasın. |
7. | Kim mərhum qardaşının dul arvadını almaq istəməzsə, dul qadın darvazada yerləşən ağsaqqalların yanına getsin və belə desin: “Qaynım İsraildə qardaşının adını yaşatmaqdan imtina edir. Mənim üçün qayın-qəyyumluq vəzifəsini icra etmək istəmir”. |
8. | Onda şəhər ağsaqqalları onun qaynını çağırıb danışacaqlar. Əgər o inad edib yenə də “onu almıram” desə, |
9. | o zaman həmin qadın ağsaqqallar qarşısında gəlib qaynının çarığını çıxararaq üzünə tüpürsün və “qardaşının nəslini yaşatmayana belə edilir” desin. |
10. | İsraildə onun nəsli “çarığı çıxarılanın nəsli” adlanacaq. |
11. | Əgər dalaşan iki kişinin arvadlarından hansısa ərini döyən kişinin əlindən qurtarmaq üçün gəlib əl uzatsa və o biri kişinin cinsiyyət üzvündən yapışsa, |
12. | belə qadına rəhm etmədən onun əlini kəsin. |
13. | Aldatmaq üçün torbanızda biri ağır, digəri yüngül çəkən iki cür çəki daşı olmasın. |
14. | Evinizdə biri böyük, digəri kiçik ölçən iki cür ölçü əşyası olmasın. |
15. | Çəki daşınız, ölçünüz düzgün və dəqiq olsun ki, Allahınız Rəbbin sizə verəcəyi torpaqda uzun ömür sürəsiniz. |
16. | Çünki Allahınız Rəbb belə pis işlər görən və haqsızlıq edənlərə nifrət edir. |
17. | Misirdən çıxanda Amaleqlilərin yolda sizə nə etdiyini yada salın. |
18. | Siz yorulub əldən düşərkən onlar yolda sizə hücum etdilər, arxada qalan bütün gücsüzləri qırdılar, Allahdan qorxmadılar. |
19. | Allahınız Rəbb mülk etmək üçün irs olaraq sizə verəcəyi torpaqda və ətrafınızda olan düşmənlərin hamısından qurtarıb rahatlıq verəndə səma altından Amaleqlilərin xatirəsini silin və bunu unutmayın. |
← Deuteronomy (25/34) → |