| ← Deuteronomy (23/34) → |
| 1. | Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. |
| 2. | Qeyri-qanuni doğulan şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. Onun övladları, hətta onuncu nəslə qədər olanı Rəbbin camaatı arasına daxil ola bilməz. |
| 3. | Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz, |
| 4. | çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular. |
| 5. | Lakin Allahınız Rəbb Bilamı dinləmək istəmədi. Ona görə də Allahınız Rəbb bu lənəti xeyir-duaya çevirdi, çünki O sizi sevir. |
| 6. | Nə qədər ömrünüz varsa, onların xeyri və rifahı üçün çalışmayın. |
| 7. | Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz. |
| 8. | Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər. |
| 9. | Düşmənlərinizlə döyüşmək üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun. |
| 10. | Əgər gecə yatarkən aranızda toxumu tökülən şəxs olarsa, o, ordugahdan kənara çıxsın və buraya daxil olmasın. |
| 11. | Axşamadək yuyunsun və gün batandan sonra ordugaha qayıtsın. |
| 12. | Ordugahınızdan kənarda ayaqyolu üçün yer təyin edin. |
| 13. | Sursatınız arasında yer qazmaq üçün bel də olsun ki, ayaqyoluna gedəndə ifrazatın üstünü basdıra biləsiniz. |
| 14. | Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin. |
| 15. | Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın. |
| 16. | Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin. |
| 17. | İsrailli qadın və kişilər arasından heç kim məbəd fahişəliyi etməsin. |
| 18. | Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir. |
| 19. | Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin. |
| 20. | Yadellidənsə faiz ala bilərsiniz, amma soydaşlarınızdan almayın ki, Allahınız Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əl atdığınız hər işə xeyir-dua versin. |
| 21. | Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır. |
| 22. | Amma əhd etməkdən çəkinirsinizsə, bu, günah deyil. |
| 23. | Ağzınızdan çıxanı yerinə yetirməyə diqqət edin, çünki Allahınız Rəbbə əhd edərək ürəkdən təqdim etməlisiniz. |
| 24. | Qonşunuzun bağına girəndə doyunca üzüm yeyə bilərsiniz, amma səbətinizə yığmayın. |
| 25. | Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın. |
| ← Deuteronomy (23/34) → |