Deuteronomy (20/34)  

1. Düşmənlərinizə qarşı döyüşə çıxanda atları, döyüş arabalarını və sizdən böyük bir ordunu görəndə qorxmayın, çünki sizi Misir torpağından çıxaran Allahınız Rəbb sizinlədir.
2. Kahin döyüş qabağı ordunun yanına gəlib müraciət edərək
3. belə desin: “Ey İsraillilər, qulaq asın! Bu gün düşmənlərinizlə döyüşə çıxırsınız. Onlardan qorxub ürkməyin və təlaşa düşərək ürəyinizi yeməyin,
4. çünki Allahınız Rəbb düşmənlərinizlə döyüşmək və sizə qələbə qazandırmaq üçün sizinlə gedir”.
5. Zabitlər isə orduya belə desinlər: “Yeni ev tikib içində oturmayan kim var? Qoy evinə qayıtsın. Yoxsa döyüşdə ölər, evində başqası yaşayar.
6. Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə ölər, məhsulunu başqası yığar.
7. Bir qıza nişanlı olub evlənməyən varmı? O da evinə qayıtsın. Yoxsa döyüşdə ölər, nişanlısını başqası alar”.
8. Zabitlərin orduya müraciətinin davamı belə olsun: “Kim qorxusundan ürəyini yeyirsə, evinə qayıtsın. Öz ürəyi kimi yoldaşlarının da ürəyini üzməsin”.
9. Zabitlər orduya müraciətini bitirəndən sonra bölmələrə rəhbərlər təyin etsinlər.
10. Hansı şəhərə yürüş etsəniz, əvvəl onun xalqını sülhə çağırın.
11. Əgər o sizinlə sülh yolu ilə razılaşıb qarşınızda darvazalarını açarsa, qoy oranın bütün əhalisi sizə mükəlləfiyyətçi olub qulluğunuzda dursun.
12. Yox, əgər sizin sülh çağırışınızı rədd edib döyüşə başlasa, onda şəhəri mühasirəyə alın.
13. Allahınız Rəbb şəhəri sizə təslim edəndə oranın bütün kişilərini qılıncdan keçirin.
14. Qadınları, uşaqları, heyvanları və şəhərdə olan bütün malları isə talan edin. Allahınız Rəbbin sizə verdiyi düşmən malını özünüzə sərf edə bilərsiniz.
15. Sizə yaxın millətlərə aid olmayan, sizdən uzaqlarda yerləşən şəhərlərin hamısına qarşı rəftarınız belə olsun!
16. Ancaq Allahınız Rəbbin irs olaraq sizə verəcəyi bu millətlərin şəhərlərində nəfəsi olan heç bir canlını belə, sağ buraxmamalısınız.
17. Xetliləri, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları Allahınız Rəbbin sizə əmr etdiyi kimi tamamilə yox edin ki,
18. allahlarına iyrənc adətlərlə səcdə edənlərdən bunları öyrənərək Allahınız Rəbbə qarşı günah işlətməyəsiniz.
19. Hər hansı bir şəhərlə döyüşəndə oranı almaq üçün mühasirəsi uzun çəkərsə, ağacları baltalayıb məhv etməyin. Bu ağacların məhsulundan yeyə bilərsiniz, amma onları qırmayın. Məgər çöldəki ağaclar insandır ki, onları mühasirəyə alasınız?
20. Biləndə ki bir ağac bar vermir, həmin ağacı kəsib yox edə bilərsiniz. Sizə müqavimət göstərən şəhəri alanadək mühasirə əməliyyatında bu ağaclardan istifadə edə bilərsiniz.

  Deuteronomy (20/34)