| ← Deuteronomy (18/34) → |
| 1. | Levili kahinlərin, bütün Levi qəbiləsinin digər İsraillilərlə birgə payı və irsi olmayacaq. Onlar Rəbbə verilən yandırma təqdimləri ilə doyacaqlar və bu onların irsi olacaq. |
| 2. | Levililərin soydaşları arasında irsi torpaqları olmayacaq və Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür. |
| 3. | Xalq arasında öküz və qoyun qurbanı təqdim edən qol, çənə və içalatı kahinlərə pay versin. |
| 4. | Taxılınızın, təzə şərabınızın, zeytun yağınızın nübarını və qoyunlarınızdan qırxdığınız ilk yunu kahinlərə verin. |
| 5. | Allahınız Rəbb onları və övladlarını bütün qəbilələriniz arasından seçdi ki, daim Rəbbin adına xidmətdə dayansınlar. |
| 6. | Əgər bir Levili yaşadığı İsrail şəhərlərinin birindən könüllü surətdə Rəbbin seçəcəyi yerə gedərsə, |
| 7. | orada Allahı Rəbbin qarşısında dayanan Levili soydaşları kimi Rəbbin naminə xidmət edə bilsin. |
| 8. | O, ata mülkünün satışından əldə etdiyi vəsaitdən əlavə, onlarla bərabər paydan da istifadə edə bilər. |
| 9. | Allahınız Rəbbin sizə verəcəyi torpağa girdiyiniz zaman o millətlərin iyrənc adətlərini götürüb təqlid etməyin. |
| 10. | Aranızda oğul və qızını oda qurban verən, falçı, gələcəyideyən, baxıcı, cadugər, |
| 11. | ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın. |
| 12. | Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qovacaq. |
| 13. | Allahınız Rəbbin gözü önündə kamil olun. |
| 14. | Çünki torpaqlarını alacağınız millətlərin hamısı gələcəyideyənlərin və falçıların nəsihətlərinə qulaq asırlar. Amma Allahınız Rəbb sizin üçün buna izin vermir. |
| 15. | Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın. |
| 16. | Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”. |
| 17. | Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur. |
| 18. | Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. |
| 19. | Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm. |
| 20. | Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”. |
| 21. | “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz. |
| 22. | Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın. |
| ← Deuteronomy (18/34) → |