← Deuteronomy (17/34) → |
1. | Hər hansı bir qüsuru və çatışmazlığı olan öküzü ya da qoyunu Allahınız Rəbbə qurban etməyin. Belə etmək Allahınız Rəbb üçün iyrəncdir. |
2. | Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin birində aranızdan Onun əhdini pozub gözündə pis olanı edən hər hansı bir kişi və ya qadın çıxarsa, |
3. | əmrlərimin ziddinə gedib başqa allahlara sitayiş edərsə, bütlərə yaxud günəşə, aya yaxud səma cisimlərindən hər hansı birinə sitayiş və səcdə edərsə, |
4. | bu hadisədən xəbərdar olsanız, eşitdiklərinizi yaxşı-yaxşı araşdırın. Əgər bu xəbər doğrudursa və belə iyrənc halın İsraildə baş verdiyi sübuta yetərsə, |
5. | belə pis hərəkət edən kişini və ya qadını şəhərin darvazasına gətirib daşqalaq edərək öldürün. |
6. | Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin. |
7. | O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın. |
8. | Əgər şəhərlərinizdə qatillik, dava və ya təcavüz barəsində qərar çıxarmaqda həll edə bilmədiyiniz çətinliklərə rast gəlsəniz, Allahınız Rəbbin seçəcəyi yerə gedin. |
9. | O dövrdə xidmət edən Levili kahinlərin və hakimlərin yanına gedib onlara müraciət edin. Qoy onlar araşdırıb məhkəmə qərarını sizə versinlər. |
10. | Rəbbin seçəcəyi yerdən sizə deyilən qərara əməl edin. Sizə nə öyrətsələr, ona diqqətlə əməl edin. |
11. | Öyrədilən təlimata və söylənilən hökmə görə rəftar edin. Əmr edilənlərdən nə sağa, nə də sola dönün. |
12. | Orada Allahınız Rəbbin hüzurunda vəzifəsini icra edən kahinə yaxud hakimə qulaq asmamaq iddiasında olan şəxs öldürülsün. Beləliklə, aranızdan pisliyi atın. |
13. | Bütün xalq bu xəbəri eşidib qorxacaq və bir daha bu iddiaya düşməyəcək. |
14. | Allahınız Rəbbin sizə verəcəyi torpağa girib, oranı irs olaraq alanda və orada məskunlaşanda əgər “bütün ətraf ölkələrdəki kimi bizə hökm edəcək bir padşah təyin edək” desəniz, |
15. | mütləq Allahınız Rəbbin seçəcəyi adamı padşah qoyun. Padşah təyin etdiyiniz adam öz soydaşlarınızdan olmalıdır. İsrailli soydaşlarınızdan olmayan yadelli bir adamı padşah edə bilməzsiniz. |
16. | Qoy padşah özü üçün at çoxaltmasın. İlxısını artırmaq üçün xalqı Misirə – geriyə qaytarmasın, çünki Rəbb sizə belə demişdi: “Bir də bu yoldan geri qayıtmayın”. |
17. | Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın. |
18. | Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün. |
19. | Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin. |
20. | Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar. |
← Deuteronomy (17/34) → |