| ← Deuteronomy (15/34) → |
| 1. | Hər yeddi ilin sonunda sizə borclu olanları bağışlayın. |
| 2. | Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların bağışlanma ili elan edilmişdir. |
| 3. | Yadellilərdən borclarınızı geri ala bilərsiniz, lakin İsrailli soydaşlarınızın borclarını bağışlamalısınız. |
| 4. | Onda aranızda kasıb olmaz. Əgər Allahınız Rəbbin sizə mülk olaraq almaq üçün verəcəyi torpaqda |
| 5. | Onun sözünə tam itaət etsəniz, bu gün sizə buyurduğum əmrlərin hamısına diqqətlə əməl etsəniz, |
| 6. | Allahınız Rəbb sizə vəd verdiyi kimi mütləq bərəkət verəcək. Siz bir çox millətlərə borc verəcək, lakin onlardan borc almayacaqsınız. Siz bir çox millətlərə hökmranlıq edəcəksiniz, onlar sizə hökmranlıq etməyəcək. |
| 7. | Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın. |
| 8. | Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin. |
| 9. | Məbada “yeddinci il – borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız. |
| 10. | Kasıba səxavətlə, könüllü surətdə yardım edin, çünki buna görə Allahınız Rəbb bütün əməyinizə, əl atdığınız hər işə bərəkət verəcək. |
| 11. | Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun. |
| 12. | Əgər İbrani soydaşlarınızdan bir kişi və yaxud qadın sizə qul kimi satılıbsa, bu qul altı il sizə qulluq edəndən sonra yeddinci il onu azad edin. |
| 13. | Azad edərkən onları əliboş yola salmayın. |
| 14. | Səxavət göstərib sürülərinizdən, taxılınızdan, şərabınızdan onlara verin. Allahınız Rəbb sizə necə bərəkət veribsə, siz də onlara elə verin. |
| 15. | Misirdə kölə olduğunuzu, Allahınız Rəbbin sizi qurtardığını yada salın. Bu gün ona görə bu əmri verirəm. |
| 16. | Əgər qulunuz sizi və külfətinizi sevirsə, sizinlə güzəranı xoşdursa və “sizdən ayrılmaq istəmirəm” deyirsə, |
| 17. | onda bir biz götürüb qulunuzun qulağından keçirərək qapıya batırın. Bundan sonra o ömrü boyu qulunuz olaraq qalacaq. Qarabaşlarınızla da bu cür rəftar edin. |
| 18. | Qullarınızı azad etmək sizə çətin gəlməsin. Sizə qulluq etdiyi altı il ərzində muzdlu işçidən ikiqat artıq iş görmüşdür. Sizə Allahınız Rəbb hər işdə bərəkət verəcək. |
| 19. | Mal-qara və qoyun-keçilərinizin ilk doğulan balalarından hər erkək heyvanı Allahınız Rəbb üçün təqdis edin. Öküzlərinizin ilk balalarını işlətməyin, qoyun-keçilərinizin ilk balalarını qırxmayın. |
| 20. | Siz ailələrinizlə birgə hər il Allahınız Rəbbin önündə, Onun seçəcəyi yerdə bu heyvanların ətini yeyin. |
| 21. | Bir heyvanın qüsuru varsa, axsaq yaxud kordursa, hansısa ciddi çatışmazlığı varsa, onu Allahınız Rəbbə qurban etməyin. |
| 22. | Belə heyvanları kəsib şəhərlərinizdə yeyə bilərsiniz. Pak və yaxud murdar insan bu ətdən ceyran və ya maral əti yediyi kimi yeyə bilər. |
| 23. | Qanını isə yeməyin, onu su kimi torpağa tökün. |
| ← Deuteronomy (15/34) → |