← Deuteronomy (14/34) → |
1. | Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın. |
2. | Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi. |
3. | Murdar şeylər yeməyin. |
4. | Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi, |
5. | maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu. |
6. | Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz. |
7. | Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır. |
8. | Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun. |
9. | Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. |
10. | Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin. |
11. | Bütün pak quşların ətindən yeyə bilərsiniz. |
12. | Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş, |
13. | çalağan, şahin, bütün çalağan cinsindən olanlar, |
14. | bütün qarğa cinsindən olanlar, |
15. | dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, |
16. | yapalaq, böyük bayquş, ağ bayquş, |
17. | qutan, leş kərkəsi, qarabatdaq, |
18. | leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. |
19. | Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin. |
20. | Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz. |
21. | Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin. |
22. | İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın. |
23. | Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin. |
24. | Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa, |
25. | o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin. |
26. | Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin. |
27. | Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur. |
28. | Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın. |
29. | Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin. |
← Deuteronomy (14/34) → |