← Deuteronomy (10/34) → |
1. | O vaxt Rəbb mənə dedi: “Əvvəlki kimi özün üçün iki daş lövhə yon və dağa – yanıma çıx. Ağacdan bir sandıq da düzəlt. |
2. | Qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Onları sandığa qoy”. |
3. | Əbrişim ağacından bir sandıq düzəldib əvvəlki kimi iki daş lövhəni yondum. Sonra bu iki daş lövhəni əlimə götürüb dağa çıxdım. |
4. | Rəbb yığıldığınız gün dağda alovun içindən Özünün sizə bildirdiyi on əmri bu lövhələr üzərinə yenə də əvvəlki kimi yazdı və mənə verdi. |
5. | Mən dönüb dağdan enərək Rəbbin mənə əmr etdiyi kimi bu lövhələri düzəltdiyim sandığa qoydum və həmin lövhələr orada qaldı. |
6. | İsrail övladları Yaaqan övladlarına məxsus quyular olan yerdən Moseraya köçdülər. Harun orada ölüb dəfn olundu. Onun yerinə oğlu Eleazar kahin oldu. |
7. | Oradan Qudqodaya və Qudqodadan da axar sular diyarı olan Yotvataya köçdülər. |
8. | O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər. |
9. | Elə buna görə də Levililərə İsrailli soydaşları ilə birlikdə pay və irsi torpaq düşmədi. Allahınız Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür. |
10. | Əvvəlki kimi yenə də qırx gün-qırx gecə dağda qalmışdım. Rəbb bu dəfə də məni dinlədi və ona görə sizi qırmaq istəmədi. |
11. | Rəbb mənə dedi: “Qalx köçən xalqın qarşısında get ki, atalarına vəd edib söz verdiyim torpağa daxil olub oranı irs olaraq alsınlar”. |
12. | İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et. |
13. | Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et. |
14. | Bax göylər, göylərin ən uca qatları belə, yer üzü və yer üzərində olan hər şey Allahın Rəbbindir. |
15. | Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi. |
16. | Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız. |
17. | Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır. |
18. | O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir. |
19. | Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz. |
20. | Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için. |
21. | Ona həmişə həmd edin. Gözünüzlə gördüyünüz əzəmətli və zəhmli əlamətləri edən Allahınızdır. |
22. | Atalarınız yetmiş nəfər olaraq Misirə getmişdi. İndi isə Allahınız Rəbb sizi çoxaldaraq göydəki ulduzlar qədər edib. |
← Deuteronomy (10/34) → |