| ← Daniel (12/12) |
| 1. | O vaxt xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan bəri olmamış əzablı vaxt gələcək. O vaxt sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. |
| 2. | Torpağın altında yatanların çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. |
| 3. | Ağıllı adamlar göy qübbəsinin parıltısı kimi, çoxunu salehliyə döndərənlər ulduzlar kimi əbədi və daim parlayacaq. |
| 4. | Ancaq, sən ey Daniel, axır zamana qədər bu sözləri sirr saxla və bu kitabı möhürlə. Çox adam özünü ora-bura vuracaq və bilik artacaq». |
| 5. | Onda mən Daniel gördüm ki, başqa iki adam – biri çayın bu tayında, biri isə çayın o tayında durub. |
| 6. | Bir adam çayın suları üzərində olan kətan geyinmiş adama dedi: «Bu əcaib hadisələrin sonu nə vaxt olacaq?» |
| 7. | Mən eşitdim ki, çayın suları üzərində olan kətan geyinmiş adam sağ və sol əlini göyə qaldırıb Əbədi Yaşayanın adına and içdi: «Bir vaxt, vaxtlar və yarım vaxt keçəcək, müqəddəs xalqın gücü tamamilə tükənəndən sonra bütün bunlar qurtaracaq». |
| 8. | Mən bunu eşitdim, ancaq başa düşməyib soruşdum: «Ey ağam, bəs bunların nəticəsi necə olacaq?» |
| 9. | O cavab verdi: «Get, ey Daniel. Çünki bu sözlər axır zamana qədər sirr olacaq və möhürlü qalacaq. |
| 10. | Çoxları paklanıb ləkəsiz və təmiz olacaq, pis adamlar isə şər işlərindən dönməyəcək. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək, ağıllı adamlar isə başa düşəcək. |
| 11. | Daimi yandırma qurbanlarının dayandırıldığı və viranəlik gətirən iyrənc şeyin qoyulduğu vaxtdan min iki yüz doxsan gün keçəcək. |
| 12. | Gözləyib min üç yüz otuz beş günə yetişən nə bəxtiyardır! |
| 13. | Sən isə öz aqibətinə qədər yaşa, çünki ölüb rahat olacaqsan və axirət günü dirilib qismətini alacaqsan». |
| ← Daniel (12/12) |