← Daniel (10/12) → |
1. | Fars padşahı Kirin hökmranlığının üçüncü ilində Belteşassar adlanan Danielə bir vəhy gəldi. Bu vəhy həqiqi idi, amma anlaşılması çox çətin oldu. Görüntü ilə izah ediləndə o bu vəhyi dərk etdi. |
2. | O günlər mən Daniel üç həftə yas tutdum. |
3. | Üç həftə bitənə qədər mən dadlı yemək yemədim, ət və şərab dilimə dəymədi və heç bir ətirli yağ sürtmədim. |
4. | Birinci ayın iyirmi dördüncü günü mən böyük Dəclə çayının kənarında idim. |
5. | Başımı qaldırıb gördüm ki, qarşımda kətan paltar geyinmiş, beli xalis qızılla qurşanan bir nəfər var. |
6. | Onun bədəni sarı yaqut kimi, üzü şimşəyə bənzər, gözləri yanar məşəllər tək, qolları və ayaqları cilalanmış tunc kimi işıldayırdı, danışıq səsi kütlənin gurultusu kimi idi. |
7. | Yalnız mən Daniel bu görüntünü gördüm, mənimlə birgə olan adamlar isə bunu görmədi. Ancaq onların arasına elə vəlvələ düşdü ki, gizlənmək üçün qaçdılar. |
8. | Mən tək qaldım. Bu böyük görüntünü görəndə məndə qüvvət qalmadı, üzümün siması dəyişdi və taqətdən düşdüm. |
9. | Mən onun danışıq səsini eşitdim. Danışıq səsini eşidəndə dərin yuxuya getdim və üzüstə düşüb torpağa uzandım. |
10. | Bu vaxt mənə bir əl toxundu və məni əllərimlə dizlərimin üstünə qoydu. |
11. | O mənə dedi: «Ey Allahın sevimlisi olan Daniel! Sənə dediyim sözləri dərk et və ayağa qalx, çünki indi sənin yanına göndərilmişəm». O bu sözləri deyəndə mən titrəyərək ayağa qalxdım. |
12. | O mənə dedi: «Qorxma, Daniel! Dərrakə qazanmağa meyl edib, Allahın önündə özünü aşağı tutmağı qərara aldığın üçün ilk gündən sözlərin eşidildi və mən sənin sözlərinə görə gəldim. |
13. | Lakin Fars ölkəsinin hamisi olan mələk iyirmi bir gün mənə qarşı dayandı. O zaman baş mələklərdən biri olan Mikael köməyimə gəldi, çünki mən orada Fars ölkəsinin hamisi olan mələklə birgə qalmışdım. |
14. | İndi gəldim ki, gələcəkdə xalqının başına nə gələcəyini sənə başa salım, çünki bu görüntü gələcək dövrə aiddir». |
15. | O belə sözlər söyləyərkən mən üzüstə yerə yıxılıb dinməz qaldım. |
16. | Bu vaxt bəşər övladına bənzəyən bir nəfər dodaqlarıma toxundu. Mən ağzımı açıb danışmağa başladım və qarşımda durana dedim: «Ağam, bu görüntüyə görə əzaba qərq oldum və taqətim qalmadı. |
17. | Mən qulun ağamla necə danışa bilərəm? Çünki mənim gücüm tükəndi və canımda nəfəs qalmadı». |
18. | Onda insan simasında olan həmin şəxs yenə mənə toxunub güc verdi. |
19. | O dedi: «Ey Allahın sevimlisi, qorxma, sənə sülh olsun, möhkəm ol, möhkəm ol!» O mənimlə danışanda mən qüvvət tapıb dedim: «Ey ağam, danış, çünki sən mənə güc verdin». |
20. | O dedi: «Bilirsənmi mən niyə sənin yanına gəlmişəm? İndi mən Fars hamisi olan mələklə mübarizə etməyə qayıdıram. Mən gəlincə Yunan hamisi olan mələk gələcək. |
21. | Ancaq əvvəlcə mən həqiqət Kitabında yazılmış şeyləri sənə bildirəcəyəm. Onlara qarşı mübarizədə başçınız Mikaeldən başqa mənə köməkçi olan heç kəs yoxdur. |
← Daniel (10/12) → |