| Daniel (1/12) → |
| 1. | Yəhuda padşahı Yehoyaqimin padşahlığının üçüncü ilində Babil padşahı Navuxodonosor Yerusəlimə hücum edib oranı mühasirəyə aldı. |
| 2. | Xudavənd Yəhuda padşahı Yehoyaqimi və Allah məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Navuxodonosor onları Şinar torpağına, öz allahının məbədinə apardı və əşyaları həmin məbədin xəzinəsinə qoydu. |
| 3. | Padşah hərəmağalar rəisi Aşpenaza əmr etdi ki, padşah nəslindən və zadəganlardan olan İsraillilərin arasından |
| 4. | bədənlərində qüsur olmayan, yaraşıqlı, hər elmdən xəbərdar, bilikli, dərrakəli, sarayda padşaha xidmət etməyə layiq olan cavanlar seçərək onlara Xaldeylilərin dilini və ədəbiyyatını öyrətsin. |
| 5. | Padşah onlara özünün yediyi yeməklərdən və içdiyi şərabdan gündəlik yemək payı təyin etdi ki, üç il onlara tərbiyə versinlər və sonra isə padşahın xidmətinə gətirsinlər. |
| 6. | Onların arasında Yəhuda nəslindən olan Daniel, Xananya, Mişael və Azarya var idi. |
| 7. | Hərəmağalar rəisi onlara yeni ad qoydu: Danieli Belteşassar, Xananyanı Şadrak, Mişaeli Meşak və Azaryanı Aved-Neqo adlandırdı. |
| 8. | Daniel qərara aldı ki, padşahın yediyi yeməklərlə və içdiyi şərabla özünü murdar etməsin. Buna görə də özünü murdar etməmək üçün hərəmağalar rəisinə müraciət etdi. |
| 9. | Allah hərəmağalar rəisinin gözündə Danielə lütf və rəğbət qazandırdı. |
| 10. | Hərəmağalar rəisi Danielə dedi: «Sizin yeyib-içməyinizi təyin edən ağam padşahdan qorxuram. Nə üçün o sizin simanızı həmyaşıdınız olan cavanların simasından solğun görsün? Siz bununla padşahın yanında həyatımı təhlükə altına qoyursunuz». |
| 11. | Daniel hərəmağalar rəisinin özü, Xananya, Mişael və Azaryanın üzərinə qoyduğu məmura dedi: |
| 12. | «Gəl qullarını on gün ərzində yoxla. Qoy bizə yemək üçün göyərti, içmək üçün su versinlər. |
| 13. | Sonra isə sənin hüzurunda həm bizim üzümüzə, həm də padşah yeməklərindən yeyən cavanların üzünə baxsınlar. Bunu görəndən sonra qullarınla necə istəyərsən, elə də rəftar edərsən». |
| 14. | Məmur bu məsələdə cavanların sözünə qulaq asdı və onları on gün yoxladı. |
| 15. | On gün sonra onların siması padşah yeməklərindən yeyən başqa cavanların simasından daha gözəl göründü və onlar bədəncə daha dolğun idi. |
| 16. | Onda məmur cavanların yeməyini və içəcəkləri şərabı götürüb onlara göyərti verdi. |
| 17. | Allah bu dörd gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Daniel isə hər cür görüntüləri və yuxuları yozmağı bacarırdı. |
| 18. | Onların gətirilməsi üçün padşahın əmr etdiyi gün çatanda hərəmağalar rəisi onları Navuxodonosorun hüzuruna gətirdi. |
| 19. | Padşah onlarla danışdı və hamının arasında Daniel, Xananya, Mişael və Azarya kimisi tapılmadı. Onlar padşahın hüzurunda xidmətə qoyuldu. |
| 20. | Padşah onlardan hər cür elm və bilik barədə soruşanda gördü ki, bunlar ölkəsindəki sehrbazların və ruhçağıranların hamısından on qat üstündür. |
| 21. | Daniel padşah Kirin hökmranlığının birinci ilinə qədər orada qaldı. |
| Daniel (1/12) → |