| ← Colossians (4/4) |
| 1. | Ey ağalar, bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı olun. |
| 2. | Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun. |
| 3. | Eyni zamanda bizim üçün də dua edin ki, kəlamı yaymaq üçün Allah bizə bir qapı açsın və uğrunda həbs olunduğum Məsihin sirrini elan edim. |
| 4. | Dua edin ki, mən bu sirri lazımınca açıq-aşkar bildirim. |
| 5. | Kənar insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin. |
| 6. | Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz. |
| 7. | Rəbdə sevimli qardaş, sadiq xidmətçi və əməkdaş olan Tixik mənim barəmdə hər şeyi sizə bildirəcək. |
| 8. | Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun. |
| 9. | Onunla birlikdə sizlərdən biri olan sadiq və sevimli Onisim qardaşı da göndərirəm. Onlar sizə buradakı bütün işlər barədə məlumat verəcək. |
| 10. | Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız. Yanınıza gəlsə, onu qəbul edin. |
| 11. | Yust çağırılan Yeşua da sizə salam göndərir. Sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər. |
| 12. | Məsih İsanın qulu və sizlərdən olan Epafra sizə salam göndərir. Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə o sizin üçün hər zaman dualar edərək mübarizə aparır. |
| 13. | Onun haqqında şəhadət edirəm ki, sizin üçün, Laodikeyada və Hierapolisdə olanlar üçün çox zəhmət çəkir. |
| 14. | Sevimli həkim Luka və Dima da sizə salam göndərir. |
| 15. | Laodikeyada olan bacı-qardaşlara, Nimfaya və onun evindəki cəmiyyətə salam söyləyin. |
| 16. | Bu məktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cəmiyyətində də oxudun, Laodikeyadan gələn məktubu isə siz də oxuyun. |
| 17. | Arxipə bunu deyin: «Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır». |
| 18. | Mən Paul bu salamı öz əlimlə yazıram. Unutmayın ki, mən həbsdəyəm. Sizə lütf olsun! |
| ← Colossians (4/4) |