| ← Colossians (3/4) → |
| 1. | Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. |
| 2. | Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. |
| 3. | Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. |
| 4. | Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz. |
| 5. | Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. |
| 6. | Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir. |
| 7. | Əvvəllər siz bunların içində yaşayanda belə həyat sürdünüz. |
| 8. | İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın. |
| 9. | Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb |
| 10. | yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. |
| 11. | Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır. |
| 12. | Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. |
| 13. | Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. |
| 14. | Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. |
| 15. | Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun! |
| 16. | Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. |
| 17. | Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin. |
| 18. | Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun. |
| 19. | Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın. |
| 20. | Ey övladlar, hər işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır. |
| 21. | Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar. |
| 22. | Ey qullar, hər işdə dünyəvi ağalarınıza itaət edin. Bunu insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, səmimi qəlbdən, Allahdan qorxaraq edin. |
| 23. | Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin. |
| 24. | Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz. |
| 25. | Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq, çünki Rəbb tərəfkeşlik etməz. |
| ← Colossians (3/4) → |