← Colossians (2/4) → |
1. | İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də mənim üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiniz. |
2. | Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi dərk etsinlər. |
3. | Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. |
4. | Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın. |
5. | Çünki cismən uzaqda olsam da, ruhən sizinləyəm. İntizamınızı və Məsihə olan imanınızın möhkəmliyini görüb sevinirəm. |
6. | Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. |
7. | Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin. |
8. | Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin. |
9. | Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. |
10. | Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır. |
11. | Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz. |
12. | Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. |
13. | Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb |
14. | tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. |
15. | Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi. |
16. | Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin. |
17. | Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir. |
18. | Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. |
19. | O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür. |
20. | Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda nə üçün dünyadakılar kimi yaşayaraq |
21. | «buna əl vurma, bunu yemə, buna toxunma» kimi əmrlərə əməl edirsiniz? |
22. | Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur, çünki insanların verdiyi əmrlərə və təlimlərə əsaslanır. |
23. | Şübhəsiz, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur. |
← Colossians (2/4) → |