| ← Amos (9/9) | 
| 1. | Xudavəndi qurbangah yanında duran gördüm. O dedi: “Sütun başlıqlarını elə vur ki, Astanalar sarsılsın. Binanı hamının başına uçur. Sağ qalanları Mən qılıncdan keçirəcəyəm. Onlardan heç kim qaçıb qurtula bilməz. | 
| 2. | Ölülər diyarına girsələr belə, Onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, Onları endirəcəyəm. | 
| 3. | Karmel dağının təpəsində gizlənsələr belə, Onları axtarıb oradan götürəcəyəm. Gözümdən yayınıb dənizin dibinə girsələr belə, İlana əmr edəcəyəm ki, onları sancsın. | 
| 4. | Düşmən önündə əsir aparılsalar belə, Qılınca əmr edəcəyəm ki, onları qırsın. Gözlərimi yaxşılıq üçün deyil, Pislik üçün onların üzərinə dikəcəyəm”. | 
| 5. | Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər, Orada yaşayan hər kəsi yasa batırar, Bütün yer Nil çayı kimi qabarar, Misirdəki Nil çayı kimi çəkilər. | 
| 6. | Otaqlarını göylərdə tikən, Qübbəsini yer üzündə quran, Dəniz sularını götürüb yer üzünə tökən Odur – Onun adı Rəbdir. | 
| 7. | Rəbb bəyan edir: “Ey İsraillilər! Mənim üçün Kuşlular kimi deyilsinizmi? Siz İsrailliləri Misir torpağından çıxaran kimi Filiştliləri Kaftordan, Aramlıları Qirdən çıxarmadımmı? | 
| 8. | Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib-atacağam. Amma Yaqub nəslini tamamilə silib-atmayacağam” Rəbb belə bəyan edir. | 
| 9. | “Çünki, budur, Mən belə əmr edirəm: Mən İsrail nəslini bütün millətlər arasında xəlbirdən keçirəcəyəm. Xəlbirləyəndə bir çınqıl belə, yerə düşməyəcək. | 
| 10. | Xalqımdan bütün günah işlədənlər, Mənə ‹bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz› deyənlərin hamısı qılıncdan keçiriləcək. | 
| 11. | Həmin gün Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dəlmə-deşiklərini tutub cırılan yerlərini tikəcəyəm. Onu əvvəlki halına salacağam, | 
| 12. | ona görə ki qalan Edomlulara və Mənim adımla çağırılan bütün millətlərə sahib olsunlar” Rəbb belə bəyan edir. | 
| 13. | Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, Kotan sürən biçinçiyə yetişəcək, Üzüm sıxan meynə əkənlə rastlaşacaq, Dağlardan şirin şərab damacaq, Bütün təpələrdən də axacaq. | 
| 14. | Xalqım İsraili əsirlikdən qaytaracağam, Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, Bağlar salıb meyvəsindən yeyəcəklər. | 
| 15. | Onları özlərinin torpağında yerləşdirəcəyəm, Onlara verdiyim torpaqdan bir daha kənara atılmayacaqlar” Allahın Rəbb belə deyir». | 
| ← Amos (9/9) |