Amos (6/9)  

1. Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar, İsrail nəslinin müraciət etdiyi Millətlər arasında adlı-sanlılar!
2. Kalneyə keçib görün, Oradan böyük Xamata gedin, Filiştlilərin Qat şəhərinə gəlin. Onların halı bu ölkələrdən daha yaxşıdırmı? Onların ərazisi sizinkindən böyükdürmü?
3. Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar!
4. Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, Yataqlarda uzanıb, Sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər!
5. Çəng çalıb bədahətən oxuyanlar, Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər,
6. Piyalə-piyalə şərab içənlər, Bədənlərinə əla yağlar sürtənlər, Lakin Yusif nəslinin qırğınına görə Narahat olmayanlar!
7. Bundan ötrü indi sürgünə Başda siz gedəcəksiniz. Keflənib yayxananların ziyafəti başa çatacaq.
8. Xudavənd Rəbb Öz haqqına and içir, Ordular Allahı Rəbb bəyan edir: “Yaqub nəslinin qüruruna nifrət edirəm, Qalalarından zəhləm gedir. İçində olanlarla birlikdə Paytaxtlarını təslim edəcəyəm”.
9. Əgər bir evdə on nəfər qalsa, onlar da öləcək.
10. Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”.
11. Çünki Rəbb əmr edəndə böyük evlər parça-parça olub yıxılacaq, kiçik komalar da qırıq-qırıq olub dağılacaq.
12. Qaya üzərində atlar çaparmı? Orada kim öküzlərlə kotan sürər? Siz isə ədaləti zəhərə döndərmisiniz, Bəraəti də acıya çevirmisiniz.
13. Ey Lo-Devarı tutub “Qarnayimi öz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar!
14. Ordular Allahı Rəbb belə bəyan edir: “Budur, ey İsrail nəsli! Mən sizə qarşı bir millət çıxarıram. Xamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm edəcək”.

  Amos (6/9)