| ← Amos (5/9) → |
| 1. | Ey İsrail nəsli, sizin barənizdə mərsiyə kimi oxuduğum bu sözləri dinləyin! |
| 2. | “İsrail zorlanmış bir qız kimi yıxılıb, Bir daha qalxmayacaq. Öz torpağı üstə atılıb, Onu qaldıran yoxdur”. |
| 3. | Çünki Xudavənd Rəbb belə deyir: “Bir şəhərdən min nəfər döyüşə çıxsa, Yüz nəfəri sağ qalacaq, Yüz adam döyüşə çıxsa, İsrail nəslindən on nəfər sağ qalacaq”. |
| 4. | Rəbb İsrail nəslinə belə deyir: “Mənə tərəf dönün ki, sağ qalasınız! |
| 5. | Bet-Elə dönməyin, Qilqala getməyin, Beer-Şevaya keçməyin, Çünki sürgün olunmaq hökmən Qilqala gəlir, Bet-El bir heçə dönəcək”. |
| 6. | Rəbbə tərəf dönün ki, sağ qalasınız! Yoxsa O, Yusif nəslini od kimi yandırıb-yaxacaq, Bet-Eldəki odu söndürən olmayacaq. |
| 7. | Ey ədaləti çevirib acı yovşan edənlər, Ey salehliyi yerə vurub tapdalayanlar! |
| 8. | Odur Ülkər və Orion bürclərini yaradan, Qaranlığı aydın səhərə çevirən, Gündüzü gecə edib qaraldan, Dəniz sularını götürüb yer üzünə tökən – Onun adı Rəbdir. |
| 9. | Güclüləri ildırım kimi məhv edər, Qalalarını viran edər. |
| 10. | Siz isə haqsızlığa etirazını bildirənlərə, Düz danışanlara nifrət edirsiniz. |
| 11. | Kasıbı ayaq altına saldığınıza görə, Ondan taxıl qopardığınıza görə Yonulmuş daşdan evlər tikib Onların içində yaşamayacaqsınız. Gözəl üzümlüklər salıb Onların şərabını içməyəcəksiniz. |
| 12. | Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar! |
| 13. | Bu zəmanə o qədər pisdir ki, Ağlı başında olan susur. |
| 14. | Pislikdən yaxşılığa dönün ki, sağ qalasınız! Beləcə iddia etdiyiniz kimi Ordular Allahı Rəbb, Həqiqətən, sizə yar olacaq. |
| 15. | Pisliyə nifrət edin, Yaxşılığı sevin, Məhkəmədə ədalətə üstünlük verin. Bəlkə Ordular Allahı Rəbb Qalan Yusif övladlarına lütf edər. |
| 16. | Ordular Allahı Xudavənd Rəbb belə deyir: “Bütün meydanlardan fəğan qopacaq, Bütün küçələrdə ah-zar edəcəklər. Fəğan edən mərsiyə oxuyanlarla Kəndlilər yas tutmağa çağırılacaqlar. |
| 17. | Bütün üzüm bağlarından da fəğan qopacaq, Çünki aranızdan Mən keçəcəyəm” Rəbb belə deyir. |
| 18. | Vay halınıza, ey Rəbbin gününün həsrətini çəkənlər! Rəbbin günü siz nə əldə edəcəksiniz? İşıq yox, qaranlıq. |
| 19. | Şirdən qaçan adamın qarşısına ayı necə çıxarsa Yaxud evə gəlib əlini divara dayayanı ilan necə çalarsa, |
| 20. | Rəbbin günü də eləcə işıq yox, qaranlıq olmayacaqmı? O, zülmətdir, onda nur yoxdur. |
| 21. | Rəbb belə deyir: “Bayramlarınıza nifrət edirəm, Xor baxıram, Təntənəli toplantılarınızdan iyrənirəm. |
| 22. | Mənə yandırma qurbanlarınızı, Taxıl təqdimlərinizi gətirsəniz də, razı qalmayacağam. Mənə kökəldilmiş heyvanlarınızdan Ünsiyyət qurbanı təqdim etsəniz də, Onlara nəzər salmayacağam. |
| 23. | Gurultulu ilahilərinizi Məndən uzaq edin! Çənglərinizin səsinə qulaq asmayacağam. |
| 24. | Lakin qoy ədalət sular kimi tökülsün, Salehlik davamlı sel kimi axsın! |
| 25. | Ey İsrail nəsli, Qırx il çöldə olanda Mənə qurban və təqdimlər gətirmişdinizmi? |
| 26. | Öz düzəltdiyiniz saxta Sakkut padşahınızı, Kiyun bütlərinizi, ulduz allahlarınızı gəzdirmişdinizmi? |
| 27. | Elə buna görə də sizi Dəməşqin o tayına sürgünə aparacağam” Rəbb belə deyir. Onun adı Ordular Allahıdır. |
| ← Amos (5/9) → |