Amos (4/9)  

1. Ey sizlər, Samariya dağında bəslənən Başan inəkləri! Bu sözü dinləyin, ey yoxsullara zülm edən, Möhtacları sıxışdıran, ərlərinə “gətir içək” deyən qadınlar!
2. Xudavənd Rəbb Öz müqəddəsliyi naminə belə and içmişdir. “Budur, üstünüzə elə vaxt gəlir ki, Hamınız balıq kimi çəngəllərlə çəkiləcəksiniz, Tilovlarla tutulacaqsınız.
3. Hər biriniz qarşısındakı dəlmə-deşikdən çıxarılacaq, Harmona tərəf atılacaqsınız” Rəbb belə bəyan edir.
4. “Bet-Elə gedib günah işlədin! Qilqala gəlib günahlarınızı çoxaldın! Hər səhər qurbanlarınızı gətirin, Hər üç gündən bir qazancınızın onda birini verin.
5. Təşəkkür üçün mayalı çörək yandırıb təqdim edin, Öz könüllü təqdimlərinizlə öyünün. Ey İsraillilər, sizin xoşunuza gələn budur!” Xudavənd Rəbb belə bəyan edir.
6. “Mən bütün şəhərlərinizdə ağzınızı boş qoydum. Hər yerdə sizə çörək qıtlığı verdim. Lakin yenə Mənim tərəfimə dönmədiniz” Rəbb belə bəyan edir.
7. “Mən biçin vaxtına üç ay qalmış sizdən yağışı kəsdim. Bir şəhərin üzərinə yağış yağdırdım, o birinin isə üzərinə yağdırmadım. Yağış bir əkin üzərinə yağdı, o birinin isə üzərinə yağmadığına görə o qurudu.
8. İki-üç şəhər su içmək üçün bir şəhərə getdi, doyunca su içmədi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
9. “Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
10. “Misirdə olduğu kimi aranıza vəba göndərdim. Cavanlarınızı qılıncla öldürtdüm. Atlarınızı sürüb apartdırdım. Ordunuzdan meyit iyini burnunuza çatdırdım. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
11. “Mən Sodomla Homorranı necə dağıtdımsa, sizdən bəzilərini də elə məhv etdim. Siz oddan götürülən odun kimi sağ qaldınız. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir.
12. “Ey İsraillilər, buna görə də sizinlə belə rəftar edəcəyəm. Bu rəftarıma görə Allahınızı qarşılamağa hazır olun, ey İsraillilər!”
13. Odur dağlara quruluş verən, küləyi yaradan, Nə düşündüyünü insana bildirən, Dan işığını qaranlıq edən, Yer üzünün yüksək yerlərinə ayaq basan – Onun adı Ordular Allahı Rəbdir.

  Amos (4/9)