| ← Amos (2/9) → |
| 1. | Rəbb belə deyir: “Moavlıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Edom padşahının sümüklərini yandırıb əhəng hazırladı. |
| 2. | Buna görə də Moava od yağdıracağam ki, Qeriyotun qalalarını yandırıb-yaxsın. Moav qışqırtı və şeypur səsi altında, Səs-küylə məhv olacaq. |
| 3. | Onların arasından hakimləri kəsib-atacağam, Bütün başçılarını da öldürəcəyəm” Rəbb belə deyir. |
| 4. | Rəbb belə deyir: “Yəhudalıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Rəbbin qanununa xor baxıb qaydalarına riayət etmədi, Atalarının sitayiş etdiyi saxta bütlər onları da yollarından azdırdı. |
| 5. | Buna görə də Yəhudaya od yağdıracağam ki, Yerusəlimin qalalarını yandırıb-yaxsın”. |
| 6. | Rəbb belə deyir: “İsraillilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar düz adamları pula, Möhtacları da bir cüt çarığa satır, |
| 7. | Yoxsulları toz-torpağın içinə salıb əzir, Məzlumlara yol vermir. Ata və oğul eyni qızla yatıb Müqəddəs adımı ləkələyir. |
| 8. | İsraillilər hər qurbangahın yanında Girov götürdükləri paltarın üzərində yatır, Özlərinin Allahının məbədində Cərimə üçün gətirilən şərabı içirlər. |
| 9. | Amma Mən sidr ağacı kimi hündür, Palıd ağacı kimi möhkəm olan Emorluları qarşınızda yox etdim, Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim. |
| 10. | Mən sizi Misir torpağından çıxarıb Qırx il çöldə gəzdirmişdim ki, Siz Emorluların torpağına sahib olasınız. |
| 11. | Oğullarınızdan peyğəmbərlər, Cavanlarınızdan Nəzirilər təyin etdim. Ey İsraillilər, bu belə deyilmi?” Rəbb bəyan edir. |
| 12. | “Siz isə Nəzirilərə şərab içirdiniz, Peyğəmbərlərə ‹peyğəmbərlik etmə› əmri verdiniz. |
| 13. | Dərzlə dolu olan araba torpağı necə əzirsə, Mən də sizi elə əzəcəyəm. |
| 14. | Bərk qaçan qaça bilməyəcək, Qüvvətli isə gücünü göstərə bilməyəcək. İgid canını qurtara bilməyəcək, |
| 15. | Yay çəkən də mövqe tuta bilməyəcək. Ayaqdan çevik olan qurtula bilməyəcək, Süvari də canını qurtara bilməyəcək. |
| 16. | Hətta ən igid döyüşçü belə, O gün əliyalın qaçacaq” Rəbb belə bəyan edir. |
| ← Amos (2/9) → |