Amos (1/9) → |
1. | Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü. |
2. | Amos belə dedi: «Rəbb Siondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur. |
3. | Rəbb belə deyir: “Dəməşqlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü. |
4. | Buna görə də Xazaelin sarayına od yağdıracağam ki, Ben-Hadadın qalalarını yandırıb-yaxsın. |
5. | Dəməşqin darvazalarının sürgülərini qıracağam, Aven dərəsindən əhalini silib-atacağam, Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm, Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir. |
6. | Rəbb belə deyir: “Qəzzəlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam. Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi. |
7. | Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. |
8. | Aşdoddan əhalini silib-atacağam, Aşqelondan əsa gəzdirəni kəsəcəyəm. Eqrona qarşı əlimi qaldıracağam, Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir. |
9. | Rəbb belə deyir: “Surluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu. |
10. | Buna görə də Surun divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın”. |
11. | Rəbb belə deyir: “Edomluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular, Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər. |
12. | Buna görə də Temana od yağdıracağam ki, Bosranın qalalarını yandırıb-yaxsın”. |
13. | Rəbb belə deyir: “Ammonluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar ərazilərini genişləndirmək üçün Gileadda hamilə qadınların qarınlarını yırtdılar. |
14. | Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq. |
15. | Onların padşahları ilə başçıları Birgə sürgünə aparılacaq” Rəbb belə deyir. |
Amos (1/9) → |