← Acts (8/28) → |
1. | Stefanın qətlindən Şaul da razı qalmışdı. O gün Yerusəlimdə olan imanlılar cəmiyyətinə qarşı güclü təqib başladı. Həvarilərdən başqa bütün imanlılar pərən-pərən düşüb Yəhudeya və Samariyanın hər tərəfinə yayıldı. |
2. | Bəzi mömin kişilər isə Stefanı dəfn etdi və onun üçün dərin hüznlə yas saxladılar. |
3. | Amma Şaul imanlılar cəmiyyətini dağıtmağa başladı. Belə ki o, evdən-evə gedərək qadın-kişi bilmədən imanlıları sürüyüb zindana salırdı. |
4. | Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı. |
5. | Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. |
6. | Filipi eşidib, göstərdiyi əlamətləri görən izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi. |
7. | Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkdən çığıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. |
8. | Ona görə bu şəhərdə bol sevinc var idi. |
9. | Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi. |
10. | Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüvvəsi budur». |
11. | Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar. |
12. | Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular. |
13. | Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu. |
14. | Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi. |
15. | Peterlə Yəhya oraya çatanda dua etdilər ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsınlar. |
16. | Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular. |
17. | Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydular və onlar Müqəddəs Ruhu aldılar. |
18. | Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək |
19. | dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhu alsın». |
20. | Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən. |
21. | Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil. |
22. | Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar. |
23. | Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən». |
24. | Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin». |
25. | Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar. |
26. | Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx». |
27. | Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi. |
28. | Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu. |
29. | Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal». |
30. | Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?» |
31. | Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun. |
32. | O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, Qırxanların qabağında dilsiz quzu kimi Ağzını açmadı. |
33. | Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir edə bilər? Onun həyatı yer üzündən götürülür». |
34. | Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?» |
35. | Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi. |
36. | Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?» |
38. | Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi. |
39. | Sudan çıxanda Rəbbin Ruhu Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi. |
40. | Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı. |
← Acts (8/28) → |