Acts (6/28)  

1. O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladılar. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar.
2. Ona görə On İki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allahın kəlamını vəz etmək işini atıb maddi işlərlə məşğul olmağımız düzgün deyil.
3. Ey qardaşlar, aranızda etibar qazanmış, Ruh və hikmətlə dolu olan yeddi kişi seçin ki, onları bu işə təyin edək.
4. Biz isə özümüzü duaya və Allahın kəlamını yaymağa həsr edək».
5. Bu sözlər bütün toplantının xoşuna gəldi. Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı və Yəhudi dinini qəbul edən Antakyalı Nikolanı seçdilər. Stefan iman və Müqəddəs Ruhla dolu bir kişi idi.
6. Bunları həvarilərin qarşısına çıxardılar. Həvarilər də dua edib onların üzərinə əl qoydular.
7. Allahın kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox kahinlər də bu imana tabe olurdu.
8. Lütf və qüvvə ilə dolu olan Stefan xalq arasında böyük xariqə və əlamətlər göstərirdi.
9. Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi üzvləri, Kirenalılardan, İsgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladılar.
10. Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana bilmədilər.
11. Onda bir neçə nəfəri şirnikləndirdilər ki, belə desinlər: «Bu adamın həm Musaya, həm də Allaha qarşı küfr dolu sözlər dediyini eşitmişik».
12. Beləliklə, xalqı, ağsaqqalları və ilahiyyatçıları da təşvişə saldılar. Stefanın üstünə gəlib onu tutdular və Ali Şuranın qarşısına gətirdilər.
13. Gətirdikləri yalançı şahidlər onun üzünə durub dedilər: «Bu adam dayanmadan bu Müqəddəs məkana və Qanuna qarşı danışır.
14. “Nazaretli İsa bu məkanı darmadağın edəcək və Musadan bizə əmanət qalan adətləri dəyişəcək” dediyini özümüz eşitmişik».
15. Ali Şurada oturanların hamısı Stefana diqqətlə baxanda gördü ki, onun üzü bir mələyin üzünə bənzəyir.

  Acts (6/28)