Acts (5/28)  

1. Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı.
2. O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi.
3. Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün?
4. Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın».
5. Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü.
6. Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər.
7. Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi.
8. Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə».
9. Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər».
10. Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər.
11. Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.
12. Həvarilər vasitəsilə xalq arasında çox əlamətlər və xariqələr göstərilirdi. Bütün imanlılar Süleymanın eyvanına yığılardı.
13. Xalqın gözündə böyük nüfuz qazansalar da, kənardan heç kim onlara qoşulmağa cürət etmirdi.
14. Buna baxmayaraq, get-gedə daha çox qadın və kişi Rəbbə iman gətirirdi.
15. Buna görə də Peter yoldan keçəndə heç olmasa kölgəsi xəstələrin üstünə düşsün deyə xalq öz xəstələrini döşək və çarpayı ilə birlikdə çıxarıb küçələrə qoyardı.
16. Yerusəlimin ətraf şəhərlərində yaşayanlar da axın-axın gələr, öz xəstələrini və natəmiz ruhdan əzab çəkənləri gətirərdi. Onların hamısı şəfa tapardı.
17. Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı.
18. Ona görə də həvariləri tutub ümumi zindana atdılar.
19. Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi:
20. «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin».
21. Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar. Baş kahin və yanındakılar gəlib Ali Şuranı – İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər.
22. Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər:
23. «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik».
24. Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar.
25. Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir».
26. Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
27. Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu:
28. «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz».
29. Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir.
30. Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi.
31. İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı.
32. Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
33. Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər.
34. Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar.
35. O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin.
36. Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı.
37. Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi.
38. İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək.
39. Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar,
40. həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.
41. Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar.
42. Onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsanın Məsih olması barədə Müjdəni yaymaqdan əl çəkmədilər.

  Acts (5/28)