Acts (27/28)  

1. İtaliyaya doğru yelkən açmağa qərar veriləndə Paulu və bəzi başqa məhbusları İmperator alayından Yuli adlı bir yüzbaşıya təhvil verdilər.
2. Asiya vilayətinin sahilindəki limanlara gedən bir Edremit gəmisinə minərək dənizlə getdik. Salonikdən Makedoniyalı Aristarx da yanımızda idi.
3. Ertəsi gün Sidona çatdıq. Paulla dost kimi rəftar edən Yuli ona izin verdi ki, lazımi kömək almaq üçün dostlarının yanına getsin.
4. Oradan yenə dənizlə getdik. Küləklər bizə əks istiqamətdə əsdiyi üçün Kipri külək tutmayan tərəfdən keçdik.
5. Dəniz yolu ilə Kilikiya və Pamfiliyanı keçib Likiyanın Mira şəhərinə gəldik.
6. Yüzbaşı orada İtaliyaya gedən bir İsgəndəriyyə gəmisi tapıb bizi o gəmiyə mindirdi.
7. Xeyli gün aşağı sürətlə, çətinliklə üzərək Knid şəhərinin qarşısına çatdıq. Külək bizə yol vermədiyi üçün Salmoni burnundan dolanaraq Kritin külək tutmayan tərəfi ilə getdik.
8. Sahil boyunca çətinliklə irəliləyərək Laseya şəhəri yaxınlığındakı Gözəl Limanlar adlanan körfəzə gəlib-çatdıq.
9. Xeyli vaxt itirmişdik, hətta oruc günü də keçib-getmişdi. Artıq bu mövsümdə dəniz yolu ilə getmək təhlükəli idi. Odur ki, Paul onlara xəbərdarlıq edərək
10. dedi: «Ağalar, görürəm ki, bu səfər yalnız yük və gəmiyə deyil, canımıza da çox ziyan və bəla gətirəcək».
11. Lakin yüzbaşı Paulun dediklərini dinləməkdənsə gəmi sükançısının və sahibinin sözlərinə uydu.
12. Liman qışlamaq üçün əlverişsiz idi. Buna görə gəmidəkilərin əksəriyyəti oradan dənizə çıxıb imkan olarsa, Finiksə çataraq qışı orada keçirmək qərarına gəldi; Finiks Kritdə olan, cənub-qərbə və şimal-qərbə baxan bir liman idi.
13. Cənubdan zəif bir külək əsməyə başlayanda gözlədikləri anın gəldiyini zənn edərək lövbərləri çıxartdılar. Krit sahili boyu üzərək irəlilədilər.
14. Amma çox keçmədi ki, qurudan Evrakilon fırtınası qopdu.
15. Fırtınaya düşən gəmi küləyə müqavimət göstərə bilmirdi, əlacsız qaldıq və külək bizi aparırdı.
16. Qavda adlı kiçik bir adanın külək zəif tutan tərəfinə düşəndə gəminin qayığını güclə qurtara bildik.
17. Qayığı yuxarı çəkəndən sonra gəminin kəndirlərini onun altından dolayıb bağlayaraq tədbir gördülər. Sirt körfəzində saya oturmaqdan qorxub ləngəri aşağı saldılar və gəmi sürüklənməyə başladı.
18. Fırtına bizi bir xeyli çalxaladı. Ertəsi gün gəminin yükünü atmağa başladılar.
19. Üçüncü gün isə öz əlləri ilə gəminin təchizatını atdılar.
20. Günlərlə nə günəş, nə də ulduzlar göründü. Fırtına da o qədər şiddətlə davam edirdi ki, artıq bundan xilas olmağa ümidimiz qalmamışdı.
21. Adamlar uzun müddət yemək yemədikdə Paul ortada durub dedi: «Ağalar, gərək siz mənə qulaq asıb Kritdən çıxmayaydınız və bu ziyana, bu bəlaya düşməyəydiniz.
22. İndi sizə öyüd verərək deyirəm: ürəkli olun, çünki heç biriniz canını itirməyəcək, yalnız gəmi məhv olacaq.
23. Çünki mənsub olub ibadət etdiyim Allahın bir mələyi bu gecə yanıma gəlib dedi:
24. “Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Səninlə birgə gəmidə olanların hamısını da Allah sənə bağışladı”.
25. Ay ağalar, buna görə ürəkli olun! Allaha inandığıma görə bilirəm ki, hər şey mənə deyilən kimi olacaq.
26. Amma bizə bir adaya düşmək lazımdır».
27. On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar.
28. Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır. Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır.
29. Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər.
30. Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər.
31. Amma Paul yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz».
32. Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə saldılar.
33. Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə acsınız.
34. Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik olmayacaq».
35. Paul bunu deyəndən sonra çörək götürdü və hamının qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı.
36. Bundan hamı ürəklənib yemək yedi.
37. Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik.
38. Hamı doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər.
39. Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan olsa, gəmini orada oturtsunlar.
40. Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf yönəldilər.
41. Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin burnu quma batıb tərpənməz oldu. Arxa tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı.
42. Əsgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın.
43. Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. Əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar dənizə tullanıb üzsünlər,
44. sonra dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı.

  Acts (27/28)