Acts (22/28)  

1. «Qardaşlar və atalar, indi mənim özümü müdafiəmə qulaq asın!»
2. Paulun onlarla ibranicə danışdığını eşidəndə daha dərin sükut yarandı. Paul sözünə davam etdi:
3. «Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyüb Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim.
4. İsa yolunda olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım.
5. Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim.
6. Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı.
7. Mən yerə yıxıldım və eşitdim ki, bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?”
8. Mən soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib etdiyin Nazaretli İsayam”.
9. Yanımdakılar işığı görsələr də, mənimlə danışanın səsini eşitmədilər.
10. Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək”.
11. O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda olanlar əllərimdən tutub məni Dəməşqə apardılar.
12. Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi.
13. O mənim yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim açıldı və onu gördüm.
14. O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən.
15. Çünki görüb-eşitdiklərini bütün insanlara yayaraq Onun üçün şəhadət edəcəksən.
16. İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”.
17. Mən Yerusəlimə qayıdıb məbəddə dua etməkdə idim ki, fikrimi bir görüntü apardı
18. və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi tərk et, çünki Mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”.
19. Mən dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman edənləri həbs edir və döyürdüm.
20. Hətta Sənin uğrunda şəhid olan Stefanın qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst geyimlərini qoruyurdum”.
21. Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, başqa millətlərin yanına göndərəcəyəm”».
22. Paula buraya qədər qulaq asanlar bu sözdən sonra haray salıb dedilər: «Beləsini yer üzündən silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!»
23. Onlar belə hay-küy qopararaq paltarlarını yelləyib havaya toz qaldıranda
24. minbaşı əmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyə belə hay-küy qoparmalarının səbəbini bilmək üçün onu qamçılatmaqla sorğuya çəkmək istədi.
25. Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya dedi: «Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?»
26. Yüzbaşı bunu eşidən kimi minbaşının yanına gəlib xəbər verərək dedi: «Nə edəcəksən? Bu adam Roma vətəndaşıdır».
27. Minbaşı Paulun yanına gəlib soruşdu: «De görək, sən Roma vətəndaşısan?» Paul dedi: «Bəli».
28. Minbaşı cavabında «mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm» dedi. Paul isə «amma mən doğulandan Roma vətəndaşıyam» dedi.
29. Onu sorğuya çəkmək istəyənlər dərhal onun yanından geri çəkildilər. Minbaşı qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərkən qorxdu.
30. Minbaşı ertəsi gün Yəhudilərin Paulu nədə ittiham etdiklərini dəqiq öyrənmək istədi. Ona görə Paulu azad etdi. Minbaşı əmr verdi ki, başçı kahinlərlə bütün Ali Şura toplaşsın. Sonra Paulu aşağı endirib onların qarşısına gətirdi.

  Acts (22/28)