← Acts (20/28) → |
1. | Hay-küy sakitləşəndən sonra Paul şagirdləri çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşaraq Makedoniyaya getmək üçün yola çıxdı. |
2. | O tərəfləri gəzib-dolaşaraq imanlılarla çoxlu söhbətlər aparıb onları ruhlandırandan sonra Yunanıstana getdi. |
3. | Orada üç ay qaldı və dəniz yolu ilə Suriyaya getmək istəyirdi ki, ona qarşı Yəhudilərin hazırladığı sui-qəsdə görə Makedoniya yolu ilə qayıtmaq qərarına gəldi. |
4. | Pir oğlu Veriyalı Sopater, Saloniklilərdən Aristarx və Sekund, Derbeli Qay, Timotey, Asiyalılardan Tixik və Trofim onu müşayiət edirdi. |
5. | Bunlar bizdən əvvəl gedib bizi Troasda gözlədilər. |
6. | Biz də Mayasız Çörək bayramından sonra Filipidən dəniz yolu ilə beş günə Troasa gələrək onlarla görüşdük. Orada yeddi gün qaldıq. |
7. | Həftənin ilk günündə çörək bölmək üçün bir yerə yığıldığımız zaman Paul camaatla söhbət apardı. Ertəsi gün onlardan ayrılacaqdı, ona görə söhbəti gecə yarısına qədər davam etdirdi. |
8. | Toplandığımız yuxarı mərtəbədəki otaqda çoxlu çıraqlar yanırdı. |
9. | Eftik adlı bir yeniyetmə pəncərədə oturmuşdu. Paul söhbəti uzadanda Eftiki dərin yuxu apardı. Yuxuya gedən kimi o, üçüncü mərtəbədən aşağı düşdü və yerdən onu qaldıranda o, ölü vəziyyətində idi. |
10. | Paul aşağı enib yeniyetmənin üstünə əyildi və onu qucaqlayaraq dedi: «Narahat olmayın, indi canı sağdır». |
11. | Təkrar yuxarı qalxıb çörək böldü və yemək yedi. Gün doğana qədər onlarla uzun-uzadı söhbət aparandan sonra oradan ayrıldı. |
12. | Oğlanı sağ-salamat apardılar və bu hadisədən çox ruhlandılar. |
13. | Biz irəli gedərək gəmiyə mindik və Assosa tərəf üzdük. Çünki Paulu oradan götürməli idik. O, quru ilə getmək istədiyi üçün bunu belə nizamlamışdı. |
14. | O bizi Assosda qarşılayanda onu gəmiyə mindirdik və Mitiliniyə gəldik. |
15. | Oradan da dənizdən üzərək səhəri gün Xios adasının qarşısına və bir gündən sonra isə Samosa çatdıq. Ertəsi gün Miletə gəldik. |
16. | Çünki Paul Asiya vilayətində vaxt itirməmək üçün Efesi ötüb keçmək qərarına gəlmişdi. O tələsirdi ki, imkan tapıb Əllinci Gün bayramında Yerusəlimdə olsun. |
17. | Paul Miletdən Efesə xəbər göndərərək cəmiyyət ağsaqqallarını yanına çağırtdırdı. |
18. | Yanına gələndə onlara belə dedi: «Asiya vilayətinə qədəm basdığım birinci gündən bəri sizinlə olduğum dövrdən bu vaxta qədər özümü necə apardığım sizə məlumdur. |
19. | Yəhudilərin qəsd-qərəzi vasitəsilə sınaqlardan keçərkən Rəbbə tam itaətkarlıqla, göz yaşı içində qulluq edirdim. |
20. | Xeyirli olan hər şeyi sizə bəyan edərək istər açıq, istərsə də evdən-evə gəzib-dolaşaraq təlim verməkdən çəkinmədim. |
21. | Həm Yəhudiləri, həm də Yunanları tövbə edib Allaha tərəf dönməyə və Rəbbimiz İsaya iman gətirməyə çağırdım. |
22. | İndi də Ruhun təkidi ilə Yerusəlimə gedirəm və orada başıma nə gələcəyini bilmirəm. |
23. | Lakin Müqəddəs Ruh hər şəhərdə xəbərdarlıq edirdi ki, məni zəncirlər və əziyyətlər gözləyir. |
24. | Öz canıma heç əhəmiyyət vermirəm, onu qiymətləndirmirəm. Mənə kifayətdir ki, yolumu – Rəbb İsanın mənə tapşırdığı kimi Allahın lütfünü göstərən Müjdəni şəhadətetmə xidmətini başa çatdırım. |
25. | İndi aranızda dolaşıb Padşahlıq barədə vəz etdiyim sizlərdən heç biriniz mənim üzümü bir də görməyəcək. |
26. | Ona görə bu gün bunu sizə bəyan etmək istəyirəm ki, mən təmizəm, heç kimin qanına bais olmamışam. |
27. | Çünki mən çəkinmədən Allahın bütün iradəsini sizə çatdırmışam. |
28. | Həm özünüzə, həm də Müqəddəs Ruhun sizi nəzarətçilər təyin etdiyi bütün sürüyə diqqətlə baxın. Allahın Öz Oğlunun qanı bahasına əldə etdiyi bu cəmiyyətini bəsləyin. |
29. | Bilirəm ki, mən gedəndən sonra sürüyə rəhm etməyən yırtıcı canavarlar aranıza soxulacaq. |
30. | Aranızdan təhrif edilmiş sözlər deyən, şagirdləri özlərinin ardınca çəkmək istəyən adamlar çıxacaq. |
31. | Buna görə oyaq olun. Üç il boyu, fasiləsiz, gecə-gündüz göz yaşı tökərək hər birinizə necə nəsihət verdiyimi yada salın. |
32. | İndi isə mən sizi Allaha və Onun lütfü barədəki kəlamına əmanət edirəm. Bu kəlam sizi inkişaf etdirib təqdis olunmuş bütün insanlar arasında irsə qovuşdurmağa qadirdir. |
33. | Mən heç kimin nə qızılına, nə gümüşünə, nə də pal-paltarına göz dikmişəm. |
34. | Siz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin etdi. |
35. | Gördüyüm hər işdə Rəbb İsanın “vermək almaqdan daha çox bəxtiyarlıq gətirər” sözünü yaddan çıxarmayıb belə əmək sərf edərək zəiflərə kömək etməyin vacibliyini sizə göstərdim». |
36. | Paul bu sözləri söyləyəndən sonra diz çöküb onlarla birlikdə dua etdi. |
37. | Sonra hamısı ağlayaraq Paulun boynuna sarıldı və onu öpdü. |
38. | Onlar ən çox «mənim üzümü bir də görməyəcəksiniz» sözündən kövrəldilər. Sonra onu gəmiyə qədər yola saldılar. |
← Acts (20/28) → |