← Acts (2/28) → |
1. | Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. |
2. | Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. |
3. | Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. |
4. | Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar. |
5. | Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. |
6. | Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. |
7. | Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? |
8. | Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? |
9. | Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində, |
10. | Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan |
11. | Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır». |
12. | Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?» |
13. | Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar». |
14. | Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. |
15. | Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır. |
16. | Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. |
17. | Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, Cavanlarınız görüntülər, Ağsaqqallarınızsa röyalar görəcək. |
18. | O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək. |
19. | Yuxarıda – göylərdə xariqələr, Aşağıda – yerdə əlamətlər göstərəcəyəm: Qan, alov və tüstü buxarları görünəcək. |
20. | Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl Günəş qaranlığa və ay qan rənginə dönəcək. |
21. | Rəbbin adını çağıran hər kəs xilas olacaq”. |
22. | Ey İsraillilər, bu sözlərimə qulaq asın! Bildiyiniz kimi Allahın aranızda Nazaretli İsa vasitəsilə yaratdığı möcüzələr, xariqələr və əlamətlər aydın göstərdi ki, O, Allahdan gələn Şəxsdir. |
23. | Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. |
24. | Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi. |
25. | Davud da Onun barəsində demişdi: “Rəbbə əbədilik üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram. |
26. | Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, Cismim belə, ümidlə yaşayır. |
27. | Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını çürüməyə qoymazsan. |
28. | Mənə həyat yolunu öyrədirsən, Hüzurunda mənə doyunca sevinc verirsən”. |
29. | Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır. |
30. | Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi. |
31. | Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, Cismini çürüməyə qoymaz. |
32. | Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq. |
33. | Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü. |
34. | Davud özü göylərə qalxmadı, amma belə dedi: “Rəbb mənim Ağama dedi: |
35. | ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur›”. |
36. | Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir». |
37. | Bu sözlər ona qulaq asanların ürəyinə ox kimi sancıldı. Onlar həm Peterdən, həm də o biri həvarilərdən soruşdular: «Qardaşlar, bəs biz nə edək?» |
38. | Peter onlara cavab verdi: «Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. |
39. | Çünki bu vəd siz, övladlarınız, uzaqdakıların hamısı – Allahımız Rəbbin çağırdığı hər kəs üçündür». |
40. | Peter başqa çox söz deyib onlara xəbərdarlıq etdi və yalvardı: «Bu əyri nəsildən xilas olun». |
41. | Onun sözünü qəbul edənlər vəftiz oldular. O gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu. |
42. | Onlar da özlərini həvarilərin təliminə, hər şeydə şərik olmağa, birgə çörək bölməyə və duaya həsr etdilər. |
43. | Bütün imanlıların ürəyinə qorxu düşdü. Həvarilər vasitəsilə çoxlu xariqələr və əlamətlər göstərilirdi. |
44. | İman edənlərin hamısı bir yerdə idi, bütün əmlaklarından da birgə istifadə edirdi. |
45. | Onlar mallarını, mülklərini satıb pulu hər kəsə ehtiyacına görə paylayırdılar; |
46. | hər gün məbədə yığılmaqda davam edir, evlərdə sevinə-sevinə, səmimi qəlbdən çörək bölüb yeyirdilər. |
47. | Onlar Allaha həmd edir və bütün xalq qarşısında lütf qazanırdılar. Rəbb isə hər gün insanları xilas edir və imanlılara qoşurdu. |
← Acts (2/28) → |