← Acts (17/28) → |
1. | Onlar Amfipolis və Apolloniyadan keçərək Salonikə gəldilər. Burada bir Yəhudi sinaqoqu var idi. |
2. | Paul adətinə görə Yəhudilərin yanına gedib üç Şənbə dalbadal onlarla Müqəddəs Yazılar üstündə mübahisə etdi, |
3. | şərh və sübut göstərdi ki, Məsihin əzab çəkərək ölüb ölülər arasından dirilməsi lazım idi və dedi: «Sizə elan etməkdə olduğum bu İsa Məsihdir!» |
4. | Yəhudilərdən bəziləri, mömin Yunanların böyük bir hissəsi, bir çox nüfuzlu qadınlar buna əmin oldu və Paulla Silaya qoşuldu. |
5. | Yəhudilərin buna paxıllığı tutdu. Meydana yığılan camaatın içərisində olan bəzi şər adamlardan bir izdiham toplayıb şəhərdə qarışıqlıq saldılar. Paulla Silanı xalqın önünə çıxarmaq məqsədi ilə Yasonun evinə hücum etdilər. |
6. | Onları tapmayanda Yasonla bəzi imanlı qardaşları sürüyə-sürüyə şəhər başçılarının qarşısına gətirib hay-küy saldılar: «Dünyaya çaxnaşma salan bu adamlar gəlib buraya da çıxdı. |
7. | Yason onları öz evinə qəbul edib. Bunların hamısı qeysərin fərmanlarının əksinə gedib deyir ki, İsa adlı başqa bir padşah var». |
8. | Bu sözləri eşidən izdiham və şəhər başçıları lərzəyə düşdülər. |
9. | Nəhayət, başçılar təminat alaraq Yason və digərlərini azad etdilər. |
10. | İmanlı bacı-qardaşlar isə gecə olan kimi Paulla Silanı dərhal Veriya şəhərinə göndərdilər. Onlar oraya çatarkən Yəhudilərin sinaqoquna getdilər. |
11. | Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar. |
12. | Beləliklə, onların arasından xeyli adam, həmçinin çoxlu hörmətli Yunan qadınları və kişiləri iman etdilər. |
13. | Lakin Salonikdəki Yəhudilər Paulun Veriyada da Allahın kəlamını elan etdiyini biləndə oraya getdilər və xalqı qızışdırıb lərzəyə saldılar. |
14. | Bundan sonra imanlı bacı-qardaşlar Paulu dərhal dəniz sahilinə gedən yolla göndərdilər. Sila ilə Timotey isə Veriyada qaldı. |
15. | Paulu yola salanlar onu Afinaya qədər ötürdülər. Sonra Paul onlara əmr verdi ki, geri qayıdıb Sila ilə Timoteyi təcili surətdə onun yanına göndərsinlər. |
16. | Onları Afinada gözləyən Paul gördü ki, şəhər bütlərlə doludur. Bundan ötrü onun ürəyi çox narahat oldu. |
17. | Buna görə sinaqoqda Yəhudilərlə və mömin Yunanlarla, hər gün bazar meydanında rastlaşdığı insanlarla mübahisə edirdi. |
18. | Epikürçü və Stoist fəlsəfi cərəyanından olanların bəziləri onunla mübahisəyə girişdi. Kimisi deyir: «Bu boşboğaz nə demək istəyir?» Kimisi də deyir: «Deyəsən bu yad allahların təbliğatçısıdır». Çünki Paul İsa və dirilmə ilə bağlı Müjdəni yaymaqda idi. |
19. | Onlar Paulu götürüb Areopaq məşvərətinə gətirdilər. Ondan soruşdular: «Sənin yaydığın bu yeni təlimin nə olduğunu bilmək olarmı? |
20. | Çünki qulağımız öyrəşmədiyi şeyləri bizə eşitdirirsən. İndi bunların mənasını bilmək istəyirik». |
21. | Bütün Afinalılar və şəhərdəki yadellilər vaxtlarını yalnız yeni fikirləri söyləyərək və qulaq asaraq keçirirdilər. |
22. | Paul Areopaqın qarşısına çıxıb belə söylədi: «Ey Afinalılar, sizin hər cəhətdən çox pərəstişkar olduğunuzu görürəm. |
23. | Belə ki mən ətrafda gəzəndə səcdəgahlarınıza diqqətlə nəzər salarkən bir qurbangaha da rast gəldim ki, onun üstündə yazılmışdı: “Naməlum Allaha məxsus”. Tanımadan ibadət etdiyiniz bu Allahı sizə tanıtmaq istəyirəm. |
24. | Dünyanı və onda mövcud olan hər şeyi yaradan, yerin-göyün Sahibi olan Allah əllə tikilən məbədlərdə yaşamaz. |
25. | İnsan əli ilə edilən xidmətə Onun ehtiyacı yoxdur, çünki hər kəsə həyat, nəfəs və hər şeyi verən Odur! |
26. | Allah bütün bəşəriyyətin millətlərini bir insandan yaratdı ki, bütün yer üzərində yaşasınlar. Yaşamaq üçün onlara zaman və məkan təyin etdi ki, |
27. | Onu axtarsınlar, yəni kor əllərini sürtə-sürtə yol axtardığı kimi axtarıb Onu tapa bilsinlər. Əslində Allah heç birimizdən uzaq deyil. |
28. | “Axı biz Onda yaşayırıq, hərəkət edirik, mövcuduq”. Bəzi şairlərinizin dediyi kimi: “Biz də Onun nəslindənik”. |
29. | Demək biz Allahın nəslindən olduğumuza görə belə düşünmək olmaz ki, İlahi Varlıq insan layihəsi və istedadı ilə yaranan qızıl, gümüş yaxud daşdan düzəldilən bir şeyə bənzəyir. |
30. | Allah cəhalət zamanlarında buna göz yumdu, amma indi hər yerdə hamının tövbə etməsini insanlara əmr edir. |
31. | Çünki Allah Öz seçdiyi Şəxs vasitəsilə dünyanı ədalətlə mühakimə edəcəyi günü təyin edib. Onu ölülər arasından diriltməklə hamının qarşısında bunu təsdiq edib». |
32. | Ölülərin dirilməsi ilə bağlı sözləri eşidən kimi bəziləri onu ələ saldı, kimisi də belə dedi: «Bu barədə səndən bir daha eşitmək istəyirik». |
33. | Beləliklə, Paul onların arasından çıxıb getdi. |
34. | Bir neçə insan isə ona qoşulub iman gətirdi. Bunların arasında Areopaq üzvü Dionis, Damaris adlı bir qadın və başqaları da var idi. |
← Acts (17/28) → |